“Daçiya”nın kapitanı: İlk oyunda şans 55-in 45-ə “Kəpəz”in xeyrinədir

Moldovanın “Daçiya” klubunun kapitanı Simeon Bulqaru Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, klub saytına bunu söyləyib:

– İlk oyundan nə gözləyirsən?
– Çox çətin oyun olacağını düşünürəm. İlk növbədə ona görə ki, səfərdə oynayacağıq. İkincisi, yaxşı komanda ilə qarşılaşacağıq. Onların zəif, bizim favorit olduğumuz barədə deyilənlər qətiyyən düzgün deyil. Əslində isə rəqibimiz çox mobil komandadır. Üstəlik, onları ən azı 2-3 min azarkeş dəstəyi gözləyir. Bu azarkeşlər çətin anlarda onlara çox ciddi kömək edirlər.

– Bakıdakı oyunda hansı nəticəni istərdiniz?
– Biz buraya müsbət nəticə üçün gəlmişik. Müsbət nəticə isə qələbədir. Amma cavab matçı da var. İşimizi elə qurmalıyıq ki, iki oyunun nəticəsinə görə mərhələ adlaya bilək.

– Favorit kimdir?
– Düzünü deyim ki, bunu demək mənim üçün çox çətindir. Onların oyunlarının sadəcə, videoyazısına baxmışam. Amma özünüz bilirsiniz ki, bu, rəqibin əsl gücünü bilmək üçün yetərli olmur. İlk oyunun rəqib meydanında olacağını nəzərə alsaq, şanslar 55-in 45-ə rəqibin xeyrinədir.

Həmin kateqoriyadan