Ehiosun: “Qarabağ”a vurulan qolun müəllifi özüməm”

“Qəbələ”yə ötən yay transfer edilən və hesabında hazırda 3 qol olan 26 yaşlı nigeriyalı yarımmudafiəci Ekiqo Ehiosun sabiq baş məşqci Dorinel Muntyanunun dovrundə olduğu kimi hazırkı çalışdırıcı Roman Qriqorcukun komandasında da sabit və inamlı oyunu ilə diqqət cəkir. Təsadufi deyil ki, son 3 turda qazanılan qələbələrdə Ehiosunun əməyi cox olub. Allsport.az xəbər verir ki, “Qarabağ” uzərində qələbədə də əsas pay sahiblərindən olan legioner “Qəbələ İK”-nın suallarını cavablandırıb.

– “Qarabağ”ı onun meydanında məğlub etməyiniz bəziləri üçün gözlənilməz olub. Sənin üçün necə, gözlənilən idi?
– “Qarabağ”la oyuna ciddi hazırlaşmışdıq. Matçdan əvvəl məndə qələbə qazanacağımıza əminlik vardı. Çünki əvvəlki turda “Xəzər Lənkəran”a qalib gəldiyimiz görüşdə çox yaxşı oynamışdıq. Fikirləşirdim ki, o cür oynasaq, “Qarabağ”ı da yenə bilərik. Yeri gəlmişkən, “Qarabağ”ı bu mövsüm Qəbələdə məğlub etdiyimiz oyunda da fərqlənmişdim. Ancaq qələbədə tək mənim deyil, bütün komandanın rolu oldu. Bir komandayıqsa, uğurda hamının payı var.

– Lakin “Qarabağ”la oyunda yeganə qol sənin deyil, avtoqol müəllifi kimi rəqib futbolçu Namiq Ələsgərovun adına yazıldı.
– Əlbəttə, bu, məni məyus etdi. Qol mənim zəhmətim hesabına vurulsa da, rəqib futbolçunun adına yazıldı. Mən əksini düşünürəm və hesab edirəm ki, “Qarabağ”a vurulan qolun müəllifi özüməm.

– “Qəbələ”nin heyətində ilk dəfə başla fərqləndin. Belə qolların çox olub?
– Bəli. Başla topu rəqib qapısından keçirdiyim ilk dəfə deyil. Türkiyədə oynadığım dövrdə çox belə qol vurmuşam. Açığı, hansı oyunlarda və necə fərqləndiyimə xüsusi əhəmiyyət vermirəm. Önəmli olan hər bir matçda yaxşı oynayıb, komandama qələbə qazandırmaqdır.

– Hazırda 6 qolla bombardir olan Cavid Hüseynovun ən yaxın izləyicilərindənsən. Cari mövsümdə “Qəbələ”nin ən sərrast oyunçusu olmaq istərdinmi?
– Doğrusu, bombardir olmağın marağında deyiləm. Daha çox komandamızın qalib gəlməsinə çalışıram. Bura bombardir olmaq üçün deyil, komandama kömək etmək üçün gəlmişəm. Məni yalnız “Qəbələ”nin qələbə qazanması düşündürür.

– “Qəbələ” çempionatda son 3 oyundur meydanı uğurlu nəticə ilə tərk edir. Səncə, hansı məqam komanda üçün dönüş nöqtəsi olub?
– Qış fasiləsindən sonra yaxşı start götürsək də, sonrakı 3 oyunda məğlub olduq. Bu, bizi çox üzdü, amma, ruhdan düşmədik, məğlubiyyətlərdən nəticə çıxardıq. Baş məşqçinin etdiyi dəyişikliklər, məşqlərdə əzmlə çalışmalarımız işimizə yaradı. Nəticədə ardıcıl qələbələr qazandıq. Düşünürəm ki, qələbələrimiz davamlı olacaq. İtirdiyimiz xalların yerini doldurmağa çalışırıq və inanıram ki, buna nail olacağıq.

– Roman Qriqorçukun gəlişindən sonra ilk vaxtlar start heyətinə düşməsən də, artıq vəziyyət dəyişib. Həm də ilk dəqiqələrdən meydana çıxdığın oyunlar bizə daha çox uğur gətirir…
– İlk vaxtlar start heyətindən kənarda qalmağım Türkiyədəki təlim-məşq toplanışının sonuna yaxın zədə almağımla bağlı idi. Sağalmağım üçün müəyyən vaxt keçməli idi. Fikrimcə, dediyiniz amilin nəticələrimizlə birbaşa əlaqəsi yoxdur. Çünki mən oldum-olmadım, komanda öz oyununu oynayır, qalib də gəlir. Məsələn, III dövrənin ilk oyununda, “Bakı” ilə matçda meydana sonradan çıxsam da, qalib gəldik. Bu da uğurlu nəticələrdə heç də həmişə mənim rolumun olduğunu təsdiqləmir.

– Səncə, Qriqorçuk komandada nəyi dəyişə bilib?
– Çox şeyi. Komanda topu özündə top saxlayır, sonadək mübarizə aparır. Hər matçı sanki doğma arenada, böyük motivasiya ilə oynayırıq. Artıq komanda şəklində oyunumuz yaxşı alınır.

– “Qəbələ” ardıcıl 2-ci il avrokuboklara çıxmaq üçün artıq çempionatda uğurlu çıxış etməlidir. Necə bilirsən, şans nə qədərdir?
– Həm çempionatda, həm də kubokda nəticə qazanmaq vacibdir. Bunun üçün əlimizdən gələni edirik. Çempionatda xal ehtiyatımızı artırıb, avrokuboklar zonasına düşməliyik. Kubok yarışında isə uğurla çıxış etmək istəsək də, təəssüf ki, bunu bacarmadıq.

Həmin kateqoriyadan