- Baxış sayı: 58
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Xocahəsən Dağ Velosipedi Parkında idmanın bu növü üzrə açıq Federasiya Kuboku yarışı keçirilib. Allsport.az xəbər verir ki, Bakı-2015 ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul edəcək məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da iştirak edib.
Müxtəlif yaş qrupuna aid 30-dan artıq velosipedçinin mübarizə apardığı yarışda iştirakçılar uzunluğu 4,5 km olan marşrut boyunca 3 dövrə vurublar. Kifayət qədər mürəkkəb, enişli-yoxuşlu və sərt döngələri ilə yadda qalan mübarizənin yekununda yeniyetmə və gənclər arasında “Neftçi İdman Klubu” İctimai Birliyinin təmsilçiləri Musa Mikayılzadə və Vüqar Nəsibov müvafiq olaraq 1-2-ci yerləri tutublar. İlk üçlüyü Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin nümayəndəsi Samir Şıxəlizadə tamamlayıb.
Elit və U-23 yaş kateqoriyasında isə gözlənildiyi kimi, Avropa Oyunlarında iştirak etməyə namizədlər, dağ velosipedi üzrə yığma komandamızın üzvləri, Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçiləri fəxri kürsüyə qalxıblar. Zədəli Aqşin İsmayılovun yoxluğunda əsas mübarizə Orxan Məmmədov, Aqşin Bağırlı və Murad Sultanov arasında gedib. Əsas rəqiblərindən bir qədər önə keçməyi bacaran Orxan yekunda Federasiya Kubokunu başı üzərinə qaldırıb. Aqşin və Murad isə sonrakı 2 yeri tutublar.