İlqar Qurbanov: “Prosineçki İsrafilovu bəyənməsəydi, milliyə dəvət etməzdi”

“Qarabağ”ın futbolçusu İlqar Qurbanov azərisport.az saytına müsahibəsində istirahətdən, milli çempionatdan, Eddi İsrafilovun yığmaya cəlb olunmasından danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Artıq istirahət başa çatır. İstirahətdən razı qaldın?
– 10-15 gün futbolsuz qalanda artıq darıxırıq. Bu müddətdə müəyyən mənada dincəldim. Yaxınlarda ikinci dəfə ata olmuşam. Demək olar ki, bütün vaxtımı balacaya həsr etdim. Məşqlərə hazıram. Sabah komanda Türkiyəyə yola düşür və biz çempionatın növbəti oyunlarına hazırlığa başlayacağıq.

– “Qarabağ” turnir cədvəlində “İnter”i 5 xal qabaqlayır. Çoxları Ağdam təmsilçisinin asanlıqla çempion olacağını düşünür. Siz nə fikirdəsiniz?
– 5 xal elə böyük fərq deyil. Özünüz düşünün – bir oyunda qələbə qazanan komanda 3 xal əldə edir, deməli 5 xalı itirmək olar. Fevralda komandanı çətin oyunlar gözləyir. Rəqiblər bizə qarşı xüsusi əzmlə oynayır. Sözsüz ki, liderliyi sona qədər qorumaq istəyirik. Lakin asan mübarizə olmayacaq.

– Emeqaranın “Qarabağ”ı tərk etməsi komandaya necə təsir edəcək?
– Emeqara Reynaldo kimi komandaya faydalı futbolçu idi. Çempionatın hər matçında bizə kömək olurdu. Deyərdim ki, Azərbaycana gələn səviyyəli legionerlərdən biri idi. Şəxsi işlərinə görə Azərbaycanda qalmadı. Bununla belə Emeqaranın gedişi müəyyən mənada gözlənilməz oldu. “Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb. Ona görə yəqin əvəzinə başqa futbolçu dəvət olunacaq.

– Türkiyədə legioner limiti artırıldı. Rusiyada da bu yaxınlarda oxşar qərar qəbul ediləcək. Səncə Azərbaycanda da limit arıtırılmalıdır?
– Bizə gənc futbolçular lazımdır. İndiki limit daha yaxşıdır. Artırmağa ehtiyac yoxdur. Ona görə ki, gənc futbolçularımız ehtiyatda qalacaq. Milli komandanı gücləndirmək istəyiriksə, gərək onlara şans verək.

– Limit artırılandan sonra Türkiyə və Rusiyada futbolçularımızın oynamaq şansı artır. Onlara legioner həyatı yaşamağa imkan yaranır…
– Limitin artırılması gənc futbolçularımız üçün fürsət olacaq. Onlar özlərini göstərməkdən ötrü qardaş ölkəyə gedə bilər. Bu mənada Türkiyədə azərbaycanlı futbolçuların oynamaq şansı çoxdur. Fikrimcə, limitin artırılması gənclərin yolunu açır.

– “Qranada”da oynayan Eddi İsrafilov Azərbaycan millisində çıxış edəcək. Bu futbolçu haqda nə deyə bilərsən?
– Düzü, oyununu izləməmişəm. Onun oyunuyla tanış deyiləm. Buna görə fikir bildirmək çətindir. Ona uğurlar arzu edirəm.

– İsrafilovun gəlişi Azərbaycan millisində nəyi dəyişə bilər?
– Bir futbolçuyla hər şey dəyişmir. Amma onun oyunu komandamızı gücləndirə bilər. Hər halda Robert Prosineçki onu bəyənib. Belə olmasaydı, milliyə dəvət etməzdi. Bu mənada Eddinin komandamızda oyunu alınsa, çox yaxşı olar.

– Berti Foqts səni Azərbaycan millisinə dəvət etmirdi. Robert Prosineçkili yığmadan dəvət gözləyirsən?
– Hər bir azərbaycanlı futbolçu kimi millidən dəvət gözləyirəm. Foqts mənimlə şəxsi qərəzlik edirdi. Amma Prosineçki kim güclüdürsə, onu çağıracaq. Əgər layiqəmsə, bu halda Prosineçkidən dəvət gözləyəcəyəm.

Həmin kateqoriyadan