- Baxış sayı: 34
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu günlərdə paytaxtda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdoçuların «Böyük dəbilqə» yarışı keçirildi. Bir qədər öncə Parisdə keçirilmiş eyni turnirlə müqayisədə, komandamız evdə daha yaxşı təsir bağışladı – 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı; 5-ci yeri tutan 5 idmançımız da üzülmədi, hesablarına 360 əmsal xalı əlavə etdilər. Fəxri kürsüyə yüksələnlər arasında Rio olimpiadasında inamlı çıxışı ilə yadda qalan Məmmədəli Mehdiyev (90 kq) də vardı. Allsport.az saytına müsahibəsində, gümüş medalçı «Böyük dəbilqə»də güləşməsindən danışıb, gələcək yarışlar üçün hədəfini açıqlayıb.
– Finala qədər rahat keçdim, çoxunu tanıyırdım. Həlledici görüşdə tələsdim. Düzü, təzə qaydalara hələ tam uyğunlaşmamışam. Əvvəllər 2 «şido» veriləndə qarş tərəf uduzurdu. İndi belə deyil. Gərək «xansoki-maki» (3-cü xəbərdarlıq) də verilsin, ya da xal almalısan. Əski qayda olsaydı, mən daha ağılla güləşib udardım. Belədə, rəqib vaxtlı vaxtında fəndə girdi, mən də yıxıldım. Qismət. Gələcək məşqlərdə bunun üzərində daha çox işləyəcəyəm.
– Qarşıda komandanı 2 ciddi sınaq gözləyir: Avropa çempionatı, ardınca İslam oyunları. Gücünü bu yarışlarda ən çox hansısa sərf edəcəksən?
– Rio olimpiadasından sonra əsas hədəfimiz İslam oyunlarıdır. Bu üzdən Braziliyadan qayıtdıqdan 20 gün sonra yenidən təlim-məşqlər bərpa olundu. Amma Varşavada keçiriləcək qitə çempionatını da nəzərimdən qaçırmıram. Orada da öz sözümü deməyə çalışacağam.
– Rio-2016-dan sonra avstriyalı baş məşqçi Peter Zayzenbaxer komandadan ayrıldı. O vaxtdan bəri millinin baş məşqçi sükanı boşdur. Bu çalışmalara nə dərəcədə təsir edir?
– Mənə elə gəlir ki, yerli mütəxəssislərə üstünlük versək, daha yaxşı olar. Çünki bizim də müəllimlərimiz az bilmirlər, az bacarmırlar.
– Demək, yığmanın 2-ci məşqçisi Fərhad Məmmədovla işləmək rahatdır.
– Ayrı söz də ola biləz. O və komandada olan digər məşqçilər daim üzərimizdə çalışırlar. Onların uğurumuzda əməyi böyükdür.
– Çıxış etdiyin 90 kq-da 2 komanda yoldaşın Tural Safqüliyev və Abdulhaqq Rəsullu 5-ci oldu. Bu onu deməyə əsas verir ki, gərgin rəqabət var, məqsədinə çatmaq üçün çəkində birinciliyi daim saxlamalısan.
– Həmişəki kimi, daim çalışmalı, artırmalı və qabağa getməliyəm. İdman elə sahədir ki, böyük zəhmət olmayan yerdə medal da olmur. Çox istərdim ki, Tural yarımfinalda qazaxıstan cüdoçusuna qalib gəlib finala çıxsın, daha bir Azərbaycan finalı yaşanardı. Nə etmək olar, qismət, beləymiş.
Kamran HACI