Melli: “Avropa Liqasında müsbət nəticələr qazana bilərik”

“Neftçi” PFK-nın yeni transferi Xuan Alberto Melli klubun rəsmi saytına müsahibə verib. Allsport.az həmin müsahibəni təqdim edir:

– “Neftçi”yə gəlməmişdən öncə hansı klublarda çıxış etmisən?
– Mən 2002-ci ildən başlayaraq 8 il İspaniyanın “Betis” klubunda çıxış etmişəm. Bu klubla Çempionlar Liqasında oynamışam. Daha sonra “Tenerife” klubuna keçdim. 2011-ci ildə Belçikanın “Gent” klubunun formasını geyindim. Bundan 2 il sonra Moldovaya yollandım və “Şerif”də oynadım. “Neftçi”yə gəlməmişdən öncə isə “Simurq” klubunun heyətində meydana çıxmışdım.

– Milli komanda karyeran barədə nə deyə bilərsən?
– 16 yaşımdan başlayaraq 21 yaşına kimi İspaniyanın bütün yığma komandalarında oynamışam. Hazırda İspaniyanın məşhur futbolçularından olan Çavi, İnyesta, Xoakin və digərləri ilə bir komandada meydana çıxmışam. Xoakinlə “Betis”də də bir yerdə oynamışam. Onların hər biri ilə dostluq münasibətlərim var. Mütəmadi olaraq onlarla əlaqə saxlayıram.

– “Neftçi”yə keçidinlə bağlı danışardın…
– “Neftçi”dən mənə transfer təklifi gəldi. Qərar verdim ki, karyeramı burada davam etdirim. Əlimdən gələni edib, komandama faydalı olmaq istəyirəm. Burada yeniyəm. Yaxşı nəticələr qazanmaq üçün zamana ehtiyac var.

– “Neftçi”də çoxlu gənc futbolçu var. Sən isə daha təcrübəlisən. Bu iki cəhət bir-birini necə tamamlayacaq?
– Təbii ki, gənclər hər zaman təcrübə sarıdan əziyyət çəkir. Amma buradakı gənclərin hamısı istedadlı və bacarıqlı futbolçulardır. İnanıram ki, zamanla komanda halında yüksək nəticələr qazanacağıq.

– Qarşıdakı yoxlama oyunları və avrokubok matçları barədə nə deyə bilərsən?
– Çox az vaxtımız qalıb. Heyətdə yeniliklər var. Hər kəs çalışır ki, bacardığının ən yaxşısını etsin. Güclü oyun göstərmək üçün tam hazır olmalıyıq. Belə olan halda avrokuboklarda da müsbət nəticələr qazana bilərik.

Həmin kateqoriyadan