- Baxış sayı: 43
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA-nın baş katibi Elxan Məmmədov ötən gün jurnalistlərə müsahibəsində maraqlı məqamlara toxunub. Allsport.az xəbər verir ki, o, Peşəkar Futbol Liqasının çox çətin vəziyyətdə olduğunu deyib.
Çempionatın 10 komanda ilə başlayıb, 9-u ilə davam etdiyini xatırladan qurum rəsmisi bu mövsüm “Bakı”nın da Premyer Liqanı tərk edə biləcəyini vurğulayıb.
PFL-in prezidenti Ramin Musayev qol.az saytına müsahibəsində Məmmədovun fikirlərinə münasibət bildirib və digər sualları cavablandırıb
– Biz işimizi normal şəkildə görürük. Əgər sponsorlar, rəhbərlər klublarına diqqət göstərmirsə, buna PFL nə etsin? PFL-in milyonlarla büdcəsi yoxdur ki, klubu maliyyələşdirsin. Əgər bizim elə büdcəmiz olsaydı, sözsüz ki, mən çətin durumda olan kluba köməklik göstərərdim. Bunu Azərbaycan futbolu naminə edərdim. Əfsuslar olsun ki, bizdə elə bir imkan yoxdur. Söhbət az miqdarda puldan getmir.
– Konkret olaraq “Bakı”nın maddi dəstəyə ehtiyacı var. Bu kluba hər hansı bir köməklik göstərmək fikriniz var?
– “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov klubun maliyyə durumu ilə bağlı məktubunda lazım olan maliyyəni göstərib. PFL bu xərci çəkmək imkanında deyil. Bilirsiniz ki, PFL heç bir yerdən maliyyələşmir. PFL yalnız legionerlərinə görə klublardan və cərimələrdən maliyyə əldə edir. Gördüyümüz işlər də göz qabağındadır. Bu gün “Neftçi” və “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməyi çempionatımızın səviyyəsindən və PFL-in gördüyü işlərdən xəbər verir.
– Mümkündürmü, Elxan Məmmədovun dediyi kimi, çempionatımızın 9 komanda ilə davam edəcəyi də şübhə altında olsun?
– Elə 8 komanda da 9-un tayıdır. Keçən illə müqayisədə çempionatımız o qədər də səviyyəli keçmir. Sözsüz ki, biz də belə olmağını istəməzdik. Ancaq qeyd etdiyim kimi, 8 və ya 9 komanda olmağının heç bir fərqi olmayacaq. Bizi hazırda Premyer Liqamızın gələn mövsümü düşündürür. Klublar və Məşqçilər komitələri ilə müzakirələr aparırıq. Çalışırıq ki, gələn mövsüm çempionatımız 10 yox, hətta 12 komanda ilə keçirilsin. Onsuz da, artıq bu mövsüm çempionatımızın səviyyəsi ötənilki kimi yaxşı olmayacaq.
– Qeyd etdiyiniz kimi klubların sayından asılı olmayaraq çempionatın səviyyəsi aşağıdır. Sizcə, bunun səbəbi nədir?
– Hər turda komandalardan biri oyunsuz qalır, dincəlir. Bu da futbolçuların hazırlığına təsir edir. Futbolçular nə qədər tez-tez oyuna çıxsa, bir o qədər yaxşı formada olar. Komandalarımızda mübarizə əzmini də görümürük. Düşünürdük ki, 10 komanda ilə 4 dövrəli sistem özünü doğruldacaq. Lakin çempionatda 9 komandanın qalmağı işləri tamam korladı. Ümumiyyətlə, komandalarımızdan mübarizəli oyunlar görmürük. Bu da nə AFFA-nın, nə də PFL-in günahıdır.
– Gələn mövsüm Premyer Liqamızda 12 komandanın olması mümkündür?
– Hazırda bunun üzərində çalışırıq. Sözsüz ki, bu yük tək AFFA və PFL-in üzərinə düşmür. Klubların, onların sponsorlarından da çox şey asılıdır. Klublarla görüşüb müzakirələr aparacağıq. Çalışacağıq ki, ən azı 10 stabil komanda çempionatda mübarizə aparsın. Ancaq istəyimiz odur ki, 12 yaxud da 14 komanda olsun.
– Legioner limitində dəyişiklik də gündəmdə olan məsələlərdəndir. Siz də legionerlərin sayının artırılmasının tərəfdarısınız?
– Bəli. Bəzən yerli futbolçularımız məndən inciyirlər. Onların hər biri öz mənafelərini güdür. Biz isə ümumi işi düşünürük. Gənc futbolçu bilir ki, limitə əsasən istər-istəməz meydanda olacaq, klub məcbur onu oynadacaq. Ona görə də futbolçularımızın əksəriyyətində arxayınlıq yaranıb. Bu arxayınlığı aradan qaldırmaq üçün mart ayında keçirəcəyimiz toplantıda limitdə dəyişiklik edilməsi haqda fikrimi söyləyəcəyəm.
– Klubların bu barədə fikri nədir?
– Bəzi klublar razıdır. Bəzilərinin isə kifayət qədər öz yetirməsi olduğu üçün onlara limitlə bağlı dəyişiklik maraqlı deyil. Ancaq dərindən firkiləşsələr, görərlər ki, biz haqlıyıq. Futbolçu öz mövqeyi uğrunda daima mübarizə aparmalıdır. Əgər bir mövqe üçün 3-4 futbolçu mübarizə aparmırsa, onda o komandada əzmkarlıq da olmayacaq, yaxşı nəticə də. Hamımızı ən çox narahat edən milli komandamızdır. Gəlin, görək milli komandamıza nə qədər futbolçu veririk? Millimizə yeni baş məşqçi gəlib. Prosineçkinin Antayadakı işini gördüm. Bir yoxlama oyununu belə buraxmırdı. Hətta 16 və 17 yaşlı futbolçulardan ibarət millilərimizin oyunlarına da baxırdı. Biz də öz növbəmizdə futbolçu yetişdirməliyik ki, milli komandanın baş məşqçisi seçim qarşısında əziyyət çəksin, düşünsün ki, bunlardan hansını milliyə dəvət edim? Bu faktdır ki, futbolçularımızda arxayınlıq yaranıb. Danışanda da deyirlər ki, Ramin müəllim, siz istəmirsiniz pul qazanaq. Mən istəyirəm ki, yerli futbolçularımız pul qazansınlar. Amma futbolçu düşünməlidir ki, mən bu pula layiqəmmi?
– Konkret olaraq hansı limit formasını təklif edərdiniz?
– Klublarla görüşəcəyik. Geniş müzakirələr apardıqdan sonra qərar veriləcək.