- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rusiyanın “Spartak” (Moskva) klubunun qapıçılarla işləyən məşqçisi Rinat Dasayev UEFA Gənclər Liqası çərçivəsində “Rəvan”a qarşı keçirəcəkləri oyunla əlaqədar Bakıya gəlib. Allsport.az xəbər verir ki, o, bu səfərlə bağlı paytaxt təmsilçisinin rəsmi saytına müsahibə verib.
– Bu, Bakıya neçənci səfərinizdir?
– Dəqiq xatırlamıram. SSRİ çempionatı zamanı “Neftçi” ilə oynamaq üçün dəfələrlə bu şəhərə səfərə gedirdik. Burada çoxlu dostum var. Onların dediyinə görə, Bakı indi daha da gözəlləşib. Bu şəhərin indi daha çox futbol komandası var.
– Neçə il idi Bakıda olmurdunuz?
– Sovet dövründən bəri olmamışdım. Bakı həmişə qonaqpərvər şəhər olub. Amma “Spartak” üçün buradakı oyunlar çox çətin keçirdi. Çünki “Neftçi” çox yaxşı komanda idi. Görün bu klubda necə futbolçular çıxış edirdi – Ponomaryov, Cavadov, Əhmədov, qapıçı Kramarenko… Heç-heçə təsadüfi hallarda qeydə alınırdı, ya biz udurduq, ya da onlar.
– Ponomaryov – Cavadov – Əhmədov hücum üçlüyündən sizi ən çox hansı çətinə salırdı?
– Onların hamısı texnikalı futbolçu idi. Ponomaryov hücumçuların arxasında oynayırdı, gözəl ötürmələr edirdi. Cavadovla Əhmədov isə sürətli idilər. Zərbələri də çox dəqiq idi.
– “Neftçi” indiki Rusiya çempionatından neçənci yeri tutardı?
– Turnir cədvəlinin ortalarında dəqiq olmazdı. Mümkündür ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparardı. “Neftçi”nin səviyyəli futbolçuları çox idi. Ümumiyyətlə, SSRİ çempionatında zəif komanda olmurdu.
– Bakıdakı oyunlardan hansı sizin üçün daha yaddaqalan olub?
– İli dəqiq xatırlamasam da, hesab yadımdadır – 2:1 qalib gəlmişdik. Həm mənə, həm də komandama yaxşı oynamaq nəsib oldu. Həmin matçda az qala Ponomaryovun penalti zərbəsini də dəf edəcəkdim. Amma topa toxunsam da, o, tora daxil oldu.