Robert Prosineçki “Neftçi” – “Zirə” oyunundan razı qalmayıb

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 31-ci turunda keçirilmiş “Neftçi” – “Zirə” oyunu izləyib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, 0:0 hesabı ilə bitən matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan razı qalmadım. Qol görə bilmədik. “Zirə”nin heç-heçə üçün gəldiyi hiss olunurdu. “Neftçi”də isə böhran hələ də davam edir.

– Nəticədən narazı qaldınız, ya qol vurulmamasından?
– Qapıya bir dənə də olsun normal zərbə görmədik. Hər iki komandanın futbolçuları pis oynadılar.

– Ruslan Qurbanov son dövrlər çox tənqid olunur. Bəs siz onunla bağlı hansı fikirdəsiniz?
– Təkcə Ruslanın yox, bütövlükdə hər iki komandanın oyunçularından narazı qaldım. “Neftçi” öz potensialını aça bilmir. Qarşıda kubokun yarımfinal oyunları var. Baxaq, görək komandalar həmin oyunlarda necə təsir bağışlayacaqlar. “Qəbələ”nin də bu gün “Xəzər Lənkəran”la oyununu izlədim. Bu komanda da zəif rəqibi ilə görüşdə öz potensialını aça bilmədi. Halbuki, “Qəbələ”dən daha artığını gözləyirdim.

– Sizcə, futbolçular niyə zəif oynayırlar? Bu, yorğunluqdan irəli gələ bilər?
– Komandalar həftədə bir dəfə oynayırlar. Ona görə də yorğunluqdan danışmaq yersizdir. Avropada həftədə iki dəfə oyuna çıxırlar. Həftədə bir dəfə oynamaqla yorğunluqdan danışmaq qeyri-ciddidir.

– Qarşıdakı Avstriya toplanışında yeni adlar görə bilərik?
– Bilmirəm. Baxacağıq.

– Avstriya toplanışındakı üçüncü rəqib kim olacaq?
– Bizi Kanada və Makedoniya ilə maraqlı oyunlar gözləyir. Amma üçüncü rəqibin kim olacağını hələ bilmirik. Sadəcə, onu deyə bilərəm ki, bu komandaya qarşı ilk oyunumuzu mayın 26-da keçirəcəyik.

– Rüfət Dadaşovu niyə dəvət etmirsiniz?
– O, Almaniyanın beşinci liqasında oynayır. Onu dəvət etsək, gərək Azərbaycan çempionatını dayandıraq.

Həmin kateqoriyadan