- Baxış sayı: 26
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin çətin vaxtlarında komandaya baş məşqçi təyin olunan Roman Qriqorçuk qarşıya qoyulan vəzifənin öhdəsindən gəldi. Allsport.az xəbər verir ki, komanda onun rəhbərliyi ilə həm avrokuboklara vəsiqə qazandı, həm də Premyer Liqanın mükafatçısı oldu.
50 yaşlı ukraynalı mütəxəssisi qarşıda daha çətin sınaq gözləyir. İndi o, “Qəbələ”nin Avropa Liqasında da uğurlu çıxışını təmin etməyə çalışır. Baş məşqçi “Qəbələ İK”ya müsahibəsində mövsümə yekun vurmaqla yanaşı, komandasının avrokuboklara hazırlığı ilə bağlı müəyyən mətləblərə də aydınlıq gətirib.
– Əslində, başa çatan çempionatı özüm üçün, belə deyək, marafon məsafəsi kimi qəbul etmirəm. Çünki estafetə yolun yarısından qatıldım. Buna görə də, çempionatın özümə aid olan hissəsinə qiymət verə bilərəm. “Qəbələ” də çalışdığım 4 ayda ciddi işlər gördük. Komanda daxilində yaxşı münasibətə, anlaşmaya nail olduq. Komandanın bütün üzvləri arasında futbola baxışımızın eyni olması inkişafa təkan verən amil oldu. Doğrudur, artıq istədiyimiz futbolu oynadığımızı deyə bilmərəm. Ancaq buna çox yaxınıq. Hesab edirəm ki, bu, ən böyük nailiyyətimizdir. İdmanda əsas olan nəticədir. Biz də buna nail olduq – avrokuboklara çıxdıq, çempionatın mükafatçısı olduq.
– “Qəbələ”də qısa müddətdə uğur qazandınız. Bu uğurun məşqçilik karyeranızda xüsusi yeri varmı?
– Bəli, var. Çünki əvvəlki komandalarımla müqayisədə, “Qəbələ”də nəticəni çox qısa müddətdə, cəmi 4 aya qazana bildim. İndiyədək məqsədə belə sürətlə çatmamışdım. Ümumiyyətlə, “Qəbələ”də az müddətdə çox şey əldə edə bildik. Hərçənd, heç vaxt demirəm ki, komanda qurmaq üçün uzun müddət, misal üçün 2 il lazımdır. Əksinə, hesab edirəm ki, hər şeyi qısa zamanda etmək olar. Ancaq bunun üçün çoxlu komponent olmalıdır. Təkcə işlə hər şey həll olunmur. Onu deyə bilərəm ki, nəticə əldə etmək üçün bizdə çox imkanlar var. Ancaq daha yüksək səviyyəyə qalxmaq üçün bütün istiqamətlərdə hələ çox işləməliyik.
– Heyətdə dəyişiklikləri, yeni futbolçuların potensiallarını necə dəyərləndirərdiniz?
– Xidmətində maraqlı olmadığımız futbolçuların adlarını “Bakı”yla oyundan sonra açıqlamağı daha məqsədəuyğun saydıq. Aparıcı hücumçumuz Viktor Mendinin komandada qalmasını istəsək də, son qərarı futbolçu özü verdi. Klubla müqaviləsi bitən kapitan Ruslan Abışovun məsələsi isə hələ açıq qalır. Komandamıza gələnlər isə qapıçı Andrey Popoviç, cinah müdafiəçiləri Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyov və cinah yarımmüdafiəçiləri Samir Zərgərovla Asif Məmmədovdur. Fikrimcə, yeni transferlər bizim futbolu oynaya biləcək xüsusiyyətlərə malikdir. Bundan əlavə, onların insani keyfiyyətlərinə, idman psixologiyalarına yetərincə bələdik. Bu, çox vacib amildir. Belə möhkəm psixologiyaya, güclü iradəyə malik futbolçularla məqsədə çatmaq olar. Transfer siyasətimizdə bu məqamları da nəzərə almağa çalışırıq.
– Yəqin ki, yeni transferlər bununla kifayətlənməyəcək.
– Əlbəttə. Bunlar yeni transferlərin bir hissəsidir və davamı olacaq. Daşdəmirovla Mirzəbəyovu nəzərə alsaq, cinah müdafiəçiləri ilə heyətimizi yaxşı komplektləşdirmişik. Digər xətlərdə də güclənməyimiz vacibdir. Həm yerli, həm də əcnəbi transferlər üzərində işləyirik. Əsas futbolçunun milliyyəti deyil, keyfiyyəti və oyun üslubumuza uyğun gəlməsidir.
– Komanda Avroliqaya hazırlıq məqsədilə Avropanı deyil, Türkiyəni seçdi. Buna səbəb nə oldu?
– “Bakı”yla oyundan sonra komanda 12 günlük istirahətə çıxdı. Hazırlıq yeri seçdiyimiz Ərzurum dağlıq ərazidir, dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdədir. İyunda havalar çox isti keçir. Azərbaycanda həmin vaxt hava şəraiti istədiyimiz rejimdə hazırlaşmağa imkan vermir. Ona görə ölkə xaricini, havanın temperaturunun münasib – orta hesabla 15-18 dərəcə olduğu məkanı seçməli olduq. Bu, bizə böyük həcmdə iş görməyə imkan verəcək. Məhz bu baxımdan, Ərzurum planlarımıza uyğun gəldi.
– Hazırlıqda əsas diqqət fiziki çalışmalara yönələcək, yoxsa…
– Futbola baxışım bəzilərinə qeyri- adi görünə bilər. Mən hazırlığı mərhələlərə bölmürəm. Hesab edirəm ki, futbolçunun hazırlığı kompleks olmalı, təlim-məşq toplanışı futbola aid hər şeyi əhatə etməlidir.
– Avroliqadakı sınaqöncəsi oyun praktikası da vacibdir…
– Əlbəttə. 10 günlük Ərzurum hazırlığı yoxlama oyunları baxımından, sıx olmasa da, həmin müddətdə 2 sınaq matçı keçirəcəyik. İyunun 19-da Qəbələyə qayıdacağıq. Avroliqada ilk oyunu evdə, yaxud səfərdə keçirməyimizdən asılı olmayaraq, iyulun 2-dək doğma məkanda hazırlaşacağıq. İlk matçı səfərdə keçirsək, oynayacağımız ölkəyə 1 gün əvvəl yollanacağıq.
– Yəqin ki, Qəbələdə də yoxlama oyunu nəzərdə tutulub.
– Bəli. Xaricdən bir komanda dəvət etməyi planlaşdırmışıq. Bunun qonşu Gürcüstandan olacağına ümid edirəm. Güclü gürcü komandalarından biriylə qüvvəmizi sınamaq istərdim. Əvvəla, Gürcüstan məsafə baxımından Azərbaycana yaxındır. İkincisi də, Gürcüstan futboluna böyük hörmətlə yanaşırıq.
– İyunun 22-də keçiriləcək püşkdən nə gözləyirsiniz?
– Biz başa düşməliyik ki, püşkatmanın da özəllikləri var. Nə gözləməli olduğumuzu bilirik. “Qəbələ”nin Avropada reytinqi çox aşağıdır. Buna görə də istənilən mərhələdə püşkün bizim üçün münasib olacağını düşünmürəm. Yəni hər mərhələdə bizə güclü rəqiblər düşəcək, hər zaman səpələnməmişlər arasında olacağıq. Ona görə də hətta startda yetərincə ciddi rəqiblə üz-üzə gələ bilərik. Buna çox sakit yanaşmalı, güclü rəqibə qarşı hazır olmalıyıq. Avrokuboklarda nə vaxt səpələnmişlər arasında olsaq, onda münasib rəqiblə düşə bilərik.
– Avroliqada əsas məqsəd nə olacaq?
– İlk növbədə Avropada reytinqimizi, “Qəbələ”nin adını və nüfuzunu qaldırmağı düşünməliyik. Klubu Avropada tanıtdırmaq lazımdır. Bunun üçün isə qələbələr qazanıb, imkan daxilində çox irəliləməliyik. Belə olarsa, növbəti illərdə işimiz asan olacaq. Bundan sonra tanınmış futbolçuları xaricdən “Qəbələ”yə cəlb etmək də çətin olmayacaq.