Tərlan Əhmədov: “İkinci yer üçün mübarizə apara bilərik”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Komandanız Premyer Liqanın üçüncü dövrəsinə yaxşı başladı. Ardıcıl iki oyunda qələbə qazandınız. AzAL-ın çempionatın ikinci yarısına tam hazır olduğunu demək olar?
– Biz təlim-məşq toplanışı üçün ölkə xaricinə gedə bilmədik. Ancaq Bakıda beş yoxlama oyunu keçirdik. Hər dəfə futbolçulara başa salırdım ki, əlimizdə olan şəraitdən maksimum istifadə edib hazırlaşmalıyıq. Əsas futbolçunun istəyidir. Biz futbolçu seçmişiksə, bu işdən zövq almalıyıq. İstək olmasa, dünyanın harasında hazırlıq keçməyimizin fərqi yoxdur. Futbolçular sağ olsunlar ki, bu gün istəklidirlər. Əllərindən gələni meydanda edirlər. Deyə bilmərəm ki, komandamız yüz faiz çempionata hazırdır. Bu, mümkün deyil. Amma qələbə istəyimiz çoxdur. Çalışırıq ki, hər oyuna maksimum motivasiya olaq və üç xal qazanaq.

– Artıq istədiyiniz kollektivi formalaşdıra bilmisiniz?
– Bilirsiniz ki, yayda 15 futbolçu ilə yolları ayırdıq. Qış fasiləsində isə 5 futbolçunu yola saldım. Düzdür, oyunçu seçimində də səhvlərimiz olur. Heyəti formalaşdırarkən fikirləşdik ki, komandada yeni nəfəs olmalıdır. Yeni futbolçularla tədricən istəyimizə çatmalıyıq. Komandanın formalaşması uzun bir prosesdir. Komandanı qurmaq üçün istənilən baş məşqçiyə ən azı 1-2 il vaxt lazımdır. Biz komandada mehribanlıq yarada bilmişik. Klubda heç bir artıq söz-söhbət yoxdur. Əvvəllər bəzi problemlər olub. Bu gün isə istər rəhbərliklə, istrərsə də futolçularla münasibətimiz çox gözəldir. İstənilən problemi bir yerdə həll edirik. Yəni artıq mehriban bir kollektiv formalaşdırmışıq. Ümumilikdə isə görüləsi işimiz çoxdur. Ümid edirəm ki, bundan sonra da ən azı gözəl oyunlarımızla azarkeşləri sevindirəcəyik. Açığı, əvvəllər oyunumuzla bağlı futbolçulara və məşqçilər korpusuna təzyiqlər çox olurdu. Ancaq artıq futbolçular hər şeyi dərk edirlər. Bu gün əziyyətimizin bəhrəsini görməkdəyik. Qarşıdakı oyunlarda nə olacağını bilmirik. Hər halda ardıcıl dörd turdur, məğlub olmuruq. Bunlardan 3-də qalib gəlimişik. Bu da komandadakı istəyin, mehribanlığın nəticəsidir.

– Premyer Liqamızın son turunda “Qəbələ”yə qalib gəldiniz. Bu komanda ilə doğma meydanda keçirilən oyunda baş hakimin biabırçı səhvləri ucbatından AzAL qələbəni əldən vermişdi. Futbolda olan ilahi ədalətin yerini tapacağına, qələbə qazanacağınıza inanırdınızmı?
– Heç vaxt futbolçularla söhbətimdə hakimlik haqda danışmıram. Hakimin qərarı dəyişilməzdir. Hakimlik haqda klub rəhbərliyi nəsə danışa bilər. Komandanın işi futbol oynamaqdır. “Qəbələ” ilə öz meydanımızda keçirdiyimiz oyunda baş hakim Ömər Paşayevin kobud səhvləri haqda da heç nə demədim. Düzdür, klub öz etirazını etdi. Ancaq hakim səhvləri normal haldır. Futbolçulara hər dəfə deyirəm ki, siz hakimə fikir verməyin, öz futbolunuzu oynayın. “Qəbələ” ilə matça çıxanda da dedim ki, əvvəlki oyunları yadınıza salın. Həmin qarşılaşmalardan ikisində səfər qələbəsi qazanmışdıq. Futbolçular da bunu dərk edərək meydana çıxmışıdılar. Əgər bizim futbolçumuz topu boş qapıdan keçirə bilmirsə, onda hakim qədər də özümüzdə səhv axtarmalıyıq. Futbolçu səhv edirsə, bu, mənim günahımıdır. Deməli, onu düzgün başa salmamışam. Hakimlikdən danışmaqdansa, bunların üzərində işləmək lazımıdır. Əgər haqqımız yeyilibsə, sonrakı oyunlarda öz gücümüz hesabına xallarımızı qaytarmalıyıq.

– Uğurlu çıxışlardan sonra iddianız da artıbmı?
– (gülür) Yaxşı sualdır. Mövsümün əvvəlindən bizim çempionluğa iddiamız yox idi. Bunun üçün tamamilə başqa bir komanda formalaşdırmalıyıq. Medalçılar sırasına düşmək üçün daha səviyyəli futbolçular cəlb olunmalıdır.

– Çempionluqdan sırf “Qarabağ”a görə əlinizi üzmüsünüz?
– “Neftçi” və “İnter” də çempionluğa iddialıdır. Düzdür, bizim bu komandalarla xal fərqimiz ele də çox deyil. Hər halda çalışırıq ki, 4-cü yer uğrunda mübarizə aparaq. Mümkün olsa, daha yaxşı yerləri tutmağa çalışacağıq. Ancaq çempionluq bizim üçün əlçatmazdır. Çünki “Qarabağ” bizdən çox irəlidədir.

– “Neftçi” və “İnter” son vaxtlar sabit çıxış etmir. Niyə AzAL ilk “üçlük” üçün mübarizə aparmasın?
– Məşqçlilər korpusu ilə söhbərimizdə biz də bu məsələni müzakirə etmişik. Hər halda mübarizəmizi aparırıq. İkini yer üçün də iddialı ola bilərik. Artıq bizim buna şansımız var. Çalışacağıq ki, bu il Avroliqaya vəsiqə qazanaq.

– Premyer Liqamızın növbəti turunda sabah “Qarabağ”la qarşılaşacaqsınız. Son dövrlər inkişafda olan bu iki komandanın oyunundan nə gözləmək olar?
– İlk növbədə gözəl oyun nümayiş etdirməyə çalışacağıq. Heyətlə bağlı bəzi problemlərimiz var. Eduardo və Ramosun zədəli, Viktor İqbekoyinin cəzalı durumda olması bizi narahat edir. Üç aparıcı futbolçumuzdan məhrumuq. Kamal Bayramovun da səhhətində problemi var. Onun da sabahkı görüşə hazır olacağı inandırıcı deyil. “Qarabağ”ı hamımız tanıyırıq. Hər oyunu yüksək səviyyədə keçirirlər. Ancaq biz də çalışacağıq ki, öz növbəmizdə gözəl oyun nümayiş etdirək. Meydana üç xal üçün çıxacağıq. Son iki turda qalib gəlməyimiz o demək deyil ki, hər şeyi həll etmişik, bundan sonra da qələbələri sıralayacağıq. Arzu edirəm ki, sabah hər iki komandanın ifasında gözəl oyun olsun. Bizim istəyimiz qalib gəlməkdir.

Həmin kateqoriyadan