- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədovun müsahibə verib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis ölkə çempionatında qarşıdakı vəziyyəti dəyərləndirib:
– Ötən həftə “Rəvan”a məğlubiyyət bir qədər gözlənilməz oldu. Həm də mükafat üçün çempionatın favoritləri ilə ciddi mübarizə aparan AzAL-ın belə məqamda vacib xallar itirməsi avrokuboklara düşməyi hədəfləyən komandanın şanslarını azaltdı. Sizə elə gəlmir ki, bu məölubiyyət sizin mövsüm ərzində çəkdiyiniz əziyyəti heçə endirəcək?
– “Rəvan”la qarşılaşmada olanlar artıq bizim üçün maraqlı deyil. Bu oyunu unutmuşuq və qarşıdakı görüşlər haqda fikirləşirik. Mövsümün əvvəlində biz iddialı yerlər haqda fikirləşmirdik, elitada qalmağı qarşımıza məqsəd qoymuşduq. İndi isə mükafat qazanmaq şansını qaçıra biləcəyimizdən qorxuruq. Deməli, minimum vəzifə yerinə yetirilib. Ona görə də son məğlubiyyət geniş mənada faciəyə çevrilməməlidir. Avrokuboklar üçün hələ də şansımız var və hər şey öz əlimizdədir. Sona qədər mübarizə aparacağıq. Bu mövsümdə çox çətinlik görmüşük, tənqidlərə hədəf olmuşuq. Amma heç vaxt təslim olmamışıq. Əksinə, bunlar bizi daha da birləşdirdi, komanda kimi formalaşdırdı. AzAL-da çox sağlam kollektiv var və uğurlarımızın əsasında da bu amil dayanır. Bir sözlə, son oyundakı məğlubiyyət indiyə qədər görülən işlərə kölgə sala bilməz.
– Amma həmin oyundakı itkilər yəqin ki, sizi təəssüləndirir. İlqar Ələkbərov, Kamal Mirzəyev, Murad Səttarlının durumu nə yerdədir?
– Zədə məsələsi ağrılı yerimizdi. Mövsümün əvvəlindən etibarən biz tam heyətlə mübarizə apara bilmirik. Bu epidemiya bizdən əl çəkmir. Əvvəl kapitan Seymur Əsədov zədələnərək mövsümü erkən bitirdi. Daha sonra Taqim Novruzov sıradan çıxdı. Adan Koronado qış toplanışında ağır zədə aldı, hələ də özünə gələ bilmir. İndi də Kamal Mirzəyev sıradan çıxdı. Murad Səttarlı əzələsini dartıb, ağrıları var. İlqar Ələkbərov belindəki ağrılardan əziyyət çəkir. Bu siyahı hər şeyi deyir.
– Deməli mövsümün ən vacib oyunlarından sayılan “Xəzər Lənkəran”la görüşdə seçim məhdudiyyəti ilə üz-üzə qalacaqsınız. Belə bir həlledici məqamda futbolçu qıtlığı bütün planlarınızı pozmayacaq?
– Biz heç vaxt bədbinliyə qapılmamışıq. Hər dəfə ağır durumdan çıxmağı bacarırıq. Sabah da meydançaya mübariz heyətlə çıxacağıq. Bizdə hər bir futbolçu digərini layiqincə əvəzəməyə çalışır. Meydançaya çıxan tam gücü ilə oynayır. Bu səbəbdən ümidimizi üzmürük. Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın həlledici vaxtlarıdı. Son turlardı və mükafatçılar, avrokubok iştirakçıları müəyyənləşir. AzAL-ın rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə kənar müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq doğurur. Söz-söhbətlər çoxalır, komandalar haqda arzuolunmaz fikirlər səslənir. Nə bilim, filan komanda kubok alacaq, filan komanda hansısa yeri tutacaq, kimsə kiməsə kömək edəcək. Bu da təbiidir. Ağır mövsüm sona çatmaqdadır. Komandalar kimi, hakimlər də istər-istəməz gərginlikdən payını alırlar. Onları da haradasa başa düşmək olar. Amma bu həlledici və tarixi əhəmiyyət daşıyan oyunlarda hakimlər çox diqqətli olmalıdırlar. İndiyə qədər AZAL hakimlər tərəfdən heç vaxt haqsızlığa uğramayıb. Bir-iki oyunda neqativ hallarla üzləşmişik. Umumilikdə isə biz onlardan narazı deyilik. İstəmirik ki, sabahkı oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən biz tarixi uğurumuzu əldən verək. Bax onda mövsümü boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən xahişimizdi.