- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün “Kəpəz”in aparıcı futbolçusu Tərlan Quliyevin doğum günüdür. Allsport.az saytı xəbər verir ki, klubun kollektivi 24 yaşı tamam olan müdafiəçini təbrik edib, ona karyerasında uğurlar arzulayıb. Həyatındakı əlamətdar gün ilə bağlı kapazpfc.az müdafiəçidən müsahibə götürüb.
– Tərlan, səni təbrik edirik…
– Çox sağ olun, diqqətinizə və təbrikinizə görə təşəkkür edirəm. İndi məşqə tələsirəm. Yolüstü dükana girib komanda yoldaşlarım üçün tort almışam.
– Axı klubumuzda adətə görə bunu biz edirik. Yoxsa doğum gününü unudacağımızı zənn edib ehtiyatlı davranmısan?
– Yox, qətiyyən. Bilirəm ki, bütün uşaqların ad günü klub tərəfindən qeyd olunur. Sadəcə, harada oynamışamsa, doğum günümdə özüm də tort alıb aparmışam. Əziyyəti həmişə özüm çəkmişəm (gülür). Komanda yoldaşlarıma hədiyyə olsun.
– Doğum gününü təmtəraqlı, yoxsa səssiz-küysüz qeyd edənlər arasındasan?
– Açığı, təmtərağı sevmirəm. Ad günü evdəkilər və ya dost-tanışın əhatəsində qeyd oluna bilər. Dəyər verdiyim insanlar yanımdadırsa, bu elə mənim üçün təmtəraqdır. Doğum günüm yalnız bir dəfə böyük yığıncaqla keçirilib. Rəhmətlik atam 16 yaşım tamam olanda həyətdə məclis qurmuşdu.Onu da özüm istəməmişdim, evdəkilərin işi idi. Qohum-əqraba çox gəlmişdi. Yəqin müstəqil həyatda ilk addımları atmağa başlayırdım deyə, ad günüm geniş çevrədə qeyd olundu.
– Bu il sizdən çox şey gözlənilir. Bunu gerçəkləşdirə biləcəksiz?
– “Kəpəz”dən həmişə çox şey gözlənilib. Mövsümün əvvəlində yeni yaranmış komandadan Avropa Liqasına vəsiqə qazanmaq istənilmirdi. Tədricən nəticələrimiz yaxşılaşandan sonra məqsəd dəyişdi. Komanda olaraq sübut etdik ki, pul hər şeyi həll etmir. İstək olan yerdə əzmlə mübarizə aparmaqla hədəfə çatmaq olar. Adamın istəyi böyük olduğu yerdə pul önəm daşımır. Çempionatın başa çatmasına 6 tur qalıb. Bura kimi gəlmişiksə, çalışıb Avroliqa şansımızı əldən verməməliyik. Yaxşı çıxış etməyə məcburuq. Düzdür, son oyunlarda istədiyimiz kimi oynaya, azarkeşlərimizi sevindirə bilmirik. Amma vəziyyəti dəyişməyə çalışırıq. “Sumqayıt” ilə qarşıdakı görüşə ciddi hazırlaşırıq, uğursuzluğa son qoymaq istəyirik. Elə mənim ad günüm komanda üçün düşərli olar.
– Bəziləri “Kəpəz” “ev” komandası adlandırırlar. Lakin komandamız səfərdə də güclü klubları məğlub edib, xallar toplayıb. Buna münasibətin necədir?
– Bilirsiz, bununa razı deyiləm, yalnış fikirdir. Biz deyilənlərə fikir vermirik, öz işimi meydanda görməyə çalışırıq. Bir tərəfdən belə deyilməsi sevindiricidir. Çünki hər komandaya belə demirlər. Deməli, doğrudan da bizim çoxlu sayda güclü, hər zaman bizi dəstəkləyən azarkeşlərimiz var. Gəncədə, doğma stadionumuzda “Kəpəz”i məğlub etmək çətin məsələdir. Digər tərəfdən səfər oyunlarında da az xallar qazanmamışıq, qələbələrlə dönmüşük. “Qəbələ” və “Neftçi” kimi komandaları məğlub etmişik. “Zirə” ilə oyunda heç-heçə oynamışıq. İstər evdə, istərsə də səfərdəki oyunlara qələbə üçün çıxırıq.