- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın vitse-prezidenti komanda ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov və futbolçularla qısa görüşmə edən Tahir Gözəl, ardınca Kİv nümayəndələri ilə gündəmlə bağlı söhbət edib:
– “Qarabağ” ölkə daxilində uğur qazananda bu komandanın uğuru sayılır. Avropada uğur əldə edəndə isə bu, artıq Azərbaycanın uğuru olur…
– Tamamilə razıyam. Azərbaycanda “Qarabağ”ın rəqibi olmaya bilər. Bir də ki, komanda qələbə qazana-qazana gedir. Bu, bizə çətinlik yarada bilər. Digər klublar bir yana, daha çox “Neftçi”yə üzüldüm. “Qəbələ”, əslində, gözəl oynayır, amma nə isə alınmır. Məşqçiləri də normaldı, futbolçuları da.
Mahir Mədətovu çox tərifləməyin. 19 yaşında çox gözəl oynayır. Baxırsan, futbolçular indi rahatdı. Amma avrokuboklarda belə olmaya bilər.
– Çempionatda rəqabətsizliklə üzləşən “Qarabağ” avrokuboklarda nə edə biləcək?
– UEFA-da bizim komandanın adı çıxıb. Belə bir fikir yaranıb ki, Bakıdan sağ çıxmaq olmur. İnanıram ki, 30 min tərəfdarımız yenə bizi dəstəkləyəcək. Əsas yük Qurban Qurbanovun üzərinə düşür ki, komandanı o səviyyədə saxlasın. İnanıram ki, yenə sürprizə imza ata bilərik.
– “Qarabağ”ın geniş heyəti var. Sanki ikinci heyəti çıxıb çempionatda gümüş medal uğrunda oynaya bilər…
– Bu gün bütün dünya iqtisadi böhrandadır. Azərbaycan böyük bir çətinliklə üzləşib, camaat qan ağlayır. Bunun cavabı Avropada olmalıdır. Futbolçulara deyirəm ki, sizin hər cür şəraitiniz var, yeyirsiz-içirsiz, bunun haqqını Avropada da verməlisiz. “Qarabağ”, bəlkə də, dünyada yeganə klubdu ki, bayrağı var, torpağı yoxdur.
– Avropada sizin üçün ən böyük uğur nə sayıla bilər?
– Artıq Çempionlar Liqasının qrupuna düşməliyik. Hədəfimiz budur. Mən nə vaxt böyük danışmışamsa, sabahı sillə yemişəm (gülür). Demişəm ki, Allah, məni bağışla, ağzımdan çıxdı. Bu il bizim üçün çox önəmlidi. Bunu özümə də, Qurban Qurbanova da, futbolçulara da tapşırmışam. Əlimizdən gələni edəcəyik.
– “Qarabağ” Reynaldo və Almeydadan sonra onlar səviyyəsində futbolçu gətirə bilmir…
– Mən Qurban müəllimə deyirəm futbolçu gətirək. Amma o deyir ki, Tahir bəy, çətindi. Özü seçir, özü bəyənir. Mənim birinci arzum odur ki, Reynaldonu qaytaraq. Hələ o səviyyədə oynamır, tam qayıtmayıb. Əvvəl onu qazanmaq lazımdı, sonra ikinci Reynaldonur. Bu məsələ ilə bağlı Qurban Qurbanovla heç vaxt anlaşılmazlığımız olmayıb. O da insaflı adamdır. Mənə üzümüzü ağ edən Reynaldo lazımdır.
– Stadionlarımız gündən-günə çoxalır. Aralarında Olimpiya stadionu öz əzəməti ilə seçilir. Biz istərdik ki, böyük azarkeş ordusu olan “Qarabağ”ı orda görək. Belə bir planınız varmı?
– Tofiq Bəhramov adına Respublika stadionuna böyük xərc qoyduq. Öz-özümə sual verirəm ki, 30 minlik stadionu tamamilə doldurmaqmı gözəldir, yoxsa 70 minlik stadionun yarısınımı? Sizcə, o qədər yeri doldura bilərikmi? Düşünmək olar. Marketinqçilər deyirlər ki, siz biletlərin qiymətini aşağı qoymaqla klubun önünü kəsirsiz. Deyirik ki, olmaz, yazıq camaatın imkanı yoxdu. Mən həmişə səmimi danışıram. Yoxladıq, dedim ki, gördünüz, indi imkan verin, öz işimizi görək. Çünki alınmadı. Bəlkə də, turnirin gedişində qiymətləri qaldırmağımız düz addım olmadı. Mənim azarkeşim qaçqındı, kasıbdı, onun imkanı yoxdu. Amma bunu anlamayan, peşəkar qruplar da var. Mən istəyirəm ki, qiyməti aşağı edək, 50 min adam gəlsin. Oyunlarda aldığımız qışqırıq, həyəcan, ləzzət nəyə desəniz dəyər.
– Cəbhədəki hadisələrlə əlaqədar bu il “Qarabağ”ın Avrokubok oyunlarında daha böyük izdiham olacaq…
– Mən də belə düşünürəm. Dəhşət bir şey olacaq. Olimpiya stadionuna icazə istəyə bilərik. AFFA ilə danışacağıq, görək, onların yanaşması necədi? Allah heç kimə savaş, müharibə göstərməsin. Biz 1992-ci ildən səbr edən millətik. Allah Azərbaycanı savaşdan qorusun. Allaha şükür, ordusu da güclüdü, bura çiçəklənməli, Suriya olmamalıdır. Amma savaşda bir şey ortaya çıxdı. Ab-hava dəyişdi, özümüzə gəldik, birləşdik. Birləşmə hissiyatı aramızda çox güclüdü, məncə, biz bunu stadionda da görəcəyik.