- Baxış sayı: 43
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az sizi Klublar Komitəsinin rəhbəri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi ilə tanış edir.
– Klublar Komitəsinin dördüncü iclası baş tutdu. Toplantıda hansı qərarlar qəbul edildi?
– İlk növbədə AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayevə təşəkkür edirəm ki, dəvətimizi qəbul edib, iclasda iştirak etdilər. Bir çox məsələlər məhz onların iştirakı ilə müzakirə olunmalı idi. Gənc futbolçuların maaşları ilə bağlı limit məsələsi müzakirə olundu. Qərara aldıq ki, Premyer Liqada 21 və 23 yaşlı futbolçuların maaşlarına limit tətbiq edək. 21 yaşa kimi futbolçular ildə maksimim 30-35 min qazanacaqlar. Fərq ondadır ki, əyalətdə çıxış edənlər 35, paytaxt klubunda oynayanlar isə 30 min illik maaş ala bilərlər. 23 yaşlılarda isə bu rəqəm bölgələrdə 60-a, paytaxt klublarında isə 50-yə bərabər olacaq. Təbii ki, bu, bir təklifdir. Bu məsələ İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və müsbət qarşılansa, növbəti mövsümdən qüvvəyə minəcək. 23 yaşından sonra kim istəsə, gənclərə 500 min, lap 1 milyon da verə bilər. Məncə, təklif etdiyimiz rəqəm normal məbləğdir. Əyalət komandalarının şəraiti, məsafəsi nəzərə alındığı üçün orada oynayanlara daha çox məvacib nəzərdə tutulub. Növbəti iclasda klubların yetişdirdikləri futbolçulara görə alacaqları məbləğ müzakirə olunacaq. Hər hansı bir klub digər klubun akademiyasında yetişən futbolçunu almaq istəyirsə, müəyyən məbləğ ödəməlidir. Məbləğin 40-50 və ya 100 min olacağı növbəti iclasda müzakirə olunacaq.
– Yayım məsələsi ilə bağlı hansı müzakirələr aparıldı?
– Sevindirici haldır ki, Ramin Musayev əminliklə bildirdi ki, qəbul olunacaq istənilən qərarda klubların arxasındadır. Lazım gəlsə, bütün klublar ümumiyyətlə yayımdan imtina edəcəklər. Nəyə görə klublar öz məhsullarını havayı verməlidirlər? Ya televiziya kanalları klublara pul ödəməyə başlamalıdırlar, ya da klublar yayımı dayandıracaqlar. Amma bu o demək deyil ki, futbolumuz yayımsız qalacaq. Növbəti iclaslarda biz yekun fikrimizi Topaza da deyəcəyik. Artıq şərtləri klublar diqtə edəcək. Klub öz məhsulunu hansı qiymətə istəyəcəksə, o qiymətə də satacaq. Qiyməti biz özümüz müəyyənləşdirəcəyik.
– Necə düşünürsüz, 21 və 23 yaşlı futbolçular təklif etdiyiniz məbləğə oynamağa razılaşacaqlar?
– Elə klublar var ki, hazırda gənclərə daha az pul ödəyirlər. Elə futbolçu var ki, 1000 manat maaş alır. Həmin futbolçu gedib xarici klublarda külli miqdarda pul da ala bilər. “Xəzər Lənkəran”dan götürək. Bizdə 20 yaşında hansı futbolçunun aylıq gəliri 30-35 mindən çox olur? Yaxşı oynadığına görə, klub futbolçuya mükafat da verir. Bunu başa düşmək lazımdır ki, söhbət futbolçunun rifahını aşağı salmaqdan yox, peşəkarlıqdan gedir. Klublar var ki, 23 yaşında oyunçuya Avropada çempionluğa oynayan klubların verdiyi pulu ödəyirlər.
– Son zamanlar “Xəzər Lənkəran”da maliyyə problemləri olduğu deyilir. Düşünmək olar ki, bu qərar sizin klubunuzun xeyrinədir?
– Birincisi, “Xəzər Lənkəran”da heç bir maliyyə problemi yoxdur. “Xəzər Lənkəran” Azərbaycanda yeganə klubdur ki, futbolçunun maaşını vaxtından əvvəl ödəyir. Digər tərəfdən də bu qərar “Xəzər Lənkəran”ın yox, bütün klubların istəyindən irəli gələn qərardı. Hamı qərarın lehinə səs verdi.
– Gəncləşmiş “Xəzər Lənkəran”ın geridə qalan oyunları sizi qane edir?
– Son oyunlar göstərdi ki, “Xəzər Lənkəran”ın düz yoldadır. Yenə deyirəm, bu təklif “Xəzər Lənkəran”dan yox, klublardan və federasiyadan gəlib. Gənc futbolçularımızın peşəkarlaşmasını istəyirik. Şəxsən mən bizimkilərin xarici çempionatlarda oynamasına çox sevinərəm.
– İclasda başqa hansı məsələ müzakirəyə çıxarıldı?
– Digər məsələ odur ki, bu gün klublar müxtəlif əcnəbi şirkətlərin xidmətindən istifadə edirlər. Bu şirkətlər hər klubdan ayrılıqda pul alırlar. Tutaq ki, hansısa xidmətin qarşılığında hər klub xarici şirkətə 5 min ödəyir. 9 klub var və bu edir 45 min. Amma hansısa bir klub hamının adından həmin şirkətlə danışsa, bu zaman iş 20 minə başa gələr ki, bu da bütün klublara sərf edən variantdır.
– Klublar Komitəsnin gənc futbolçuların maaşa qoyduğu limiti hansısa klubun pozduğu aşkarlansa, hansı addımlar atılacaq?
– Razılığa əməl olunmayacağı halda, həmin futbolçu cəzalanacaq. Klub özü də birinci diviziona göndərilə bilər. İnanın mənə, heç bir klub özü razılıq verdiyi qərarı pozmağı, başqalarını aldatmağı özünə sığışdırmaz. Biz ikinci iclasdan sonra “Bakı” klubu ilə bağlı qərar qəbul etdik. Gördünüz, bütün klublar ona əməl etdilər. “Xəzər Lənkəran”ın akademiyasından çıxan neçə oyunçu olub ki, onların valideynlərini şirnikləndiriblər. Nəticədə həmin uşaqlar başqa kluba keçiblər, amma orda oynaya bilməyərək, geri qayıdıblar. Səhvlərini boyunlarına alaraq, üzr istəyiblər. İnanın mənə, belə hallar olub. Hətta bəzən məşqçilərimiz xarakter göstərərək, onları geri götürməyiblər. Amma futbol naminə biz onları geri götürmüşük.
Mənbə: futbolxeber.az