Vüqar Nadirov şəhid atasına görə ağlayırmış…

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində Zaqatalada yerli “Simurq” üzərində 3:2 hesablı qələbə qazanan “Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov matç başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az apasport.az saytına istinadən sizi həmin müsahibə ilə tanış edir.

– Öncə “Sent-Etyen”lə oyundan başlamaq istərdik. Vurduğunuz qolla bir növ gündəmi zəbt etmisiniz…
– Bunu çox şişirtmək lazım deyil. Futbolçu kimi işimizi gördük. Çətin səfərdə xalla döndüyümüzə görə sevinirik. Bu, komandanın işidi. Nəticəni mən tək qazanmamışam. Hamının əziyyəti var. Bunu unutmaq olmaz. Həm də həmin oyun artıq arxada qalıb. Qarşıdakı oyunlara baxmaq lazımdı.

– Qoldan sonra göz yaşlarınıza hakim ola bilmədiniz. Sizi ağladan səbəb nə idi?
– Birincisi, Ağdam adının Avropada fəxrlə çəkilməsidi. Digər səbəb isə atamın Qarabağ döyüşlərində şəhid olması idi. Bu səbəblər göz yaşlarımı saxlamağıma mane oldu.

– “Simurq”la matçın bol qollu alınacağını gözləyirdinizmi?
– Biz matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib doğma meydan amilindən hər zaman maksimum istifadə etməyə çalışır. Üstəlik, azarkeş dəstəyini də unutmaq olmaz. Onlar bu gün stadionu doldurmuşdular və komandalarını dəstəkləyirdilər. Burda qələbə qazanmaq bizim üçün vacib idi. Ağır, uzun səfərdən sonra bu cür oynamaq və 3 xal qazanmaq həqiqətən də sevindiricidi.

– Meydana daxil olduqdan sonra zərbəniz qapı tirindən döndü. Təəssüflənmədiniz?
– Meydana çıxanda qol vurmağı çox istəyirdim. Həmin epizodda da top ayağıma yaxşı oturmuşdu. Amma nə etmək olar?

– Ehtiyatda qalmağınız nə ilə bağlı idi? Baş məşqçi istirahət etməyinizi istəyirdi?
– Seçimi baş məşqçi edir. Bizə nə vaxt şərait yaratsa, verilən tapşırıqları yerinə yetirəcəyik.

– Hazırda yaxşı formadasınız. Bu amil milliyə yolunuzu yenidən açırmı?
– Milli komandada oynamaq şərəfdi. İstənilən futbolçu üçün millidə oynamaq bir stimuldu. Bunun üçün də gərək klubunda yaxşı oynayasan. Biz də üzərimizdə çalışırıq, formamızı yüksəltmək istəyirik.

– Yığmanın baş məşqçisi postuna namizəd olan Robert Prosineçki də haqqınızda xoş sözlər dedi…
– Xəbərim yoxdu. Gələcəkdə yığmaya dəvət etsə, məmnuniyyətlə oynayacam.
– Prosineçkinin oyunları izləməsi futbolçulara əlavə stimul verirmi?
– Əlbəttə. Futbolçu daim izləndiyini hiss edir. Bilir ki, onunla tək klub məşqçiləri yox, millinin də məşqçiləri maraqlanır. Bu da məsuliyyətimizi ikiqat artırır.

Həmin kateqoriyadan