AzVİF Avropa çempionatında təqdimat keçirib

Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Avropa Velosipedçilər Birliyinin rəsmi nümayəndəsi kimi Sahib Ələkbərov iştirak edib. 26 ölkədən müxtəlif yaş qrupları üzrə 1750 idmançının iştirak etdiyi Avropa çempionatından əvvəl komanda rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, beynəlxalq qurumun rəhbər komitəsinin üzvü Sahib Ələkbərov iştirakçı ölkələrin təmsilçilərini Birliyin Rəhbər Komitəsi adından salamlayaraq populyarlığı gündən-günə artan bu yarışların xüsusi önəm daşıdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra çempionatın təşkili və BMX idmanının gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər geniş müzakirə edilib. Müzakirələrdən sonra 2-12 avqust, 2018-ci il tarixlərində Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən velosiped idmanının 4 növü) üzrə Birləşmiş Avropa Çempionatları və 2018-ci il, iyun ayının 5-9 tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunacaq BMX üzrə Dünya Çempionatı haqqında təqdimatlar keçirilib.

Tədbir iştirakçılarına ölkəmiz, onun mədəniyyəti, Azərbaycanda idmana dövlət qayğısı, Bakı-2015 ilk Avropa Oyunları, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunları, Formula-1, “Tour d’Azerbaidjan” və digər böyük idman tədbirləri barədə məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib. Azərbaycanda keçiriləcək 2018-ci il Dünya Çempionatını səbirsizliklə gözlədiklərini deyən Avropa Milli Federasiyalarının nümayəndələri böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəklərini bildiriblər.

Maraqlıdır ki, BMX üzrə Avropa çempionatının kişilər arasında Elit kateqoriyasında qalib olmuş fransalı idmançı Joris Dode və gümüş medalçı, hollandiyalı Tvan van Gendt Bakı-2015 ilk Avropa Oyunlarında da müvafiq olaraq fəxri kürsünün ilk 2 pilləsində qərarlaşmışdılar.

Həmin kateqoriyadan