Məktəblilərin Təqvim ili olimpiadası başa çatıb
30 dekabr 2017 / 19:23 Baxış sayı: 1192 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Təqvim ili münasibətilə, həmçinin velosiped idman növünə marağı artırmaq məqsədilə AVİF və “İSMA” velosiped zavodunun birgə təşkilatçılığı, Bakı şəhər Təhsil İdarəsi və “IB Klub”un dəstəyi ilə dekabr ayının 21-dən 30-dək Respublika Velotrekində 5-7-ci sinif şagirdləri üçün Təqvim ili olimpiadası keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbir çərçivəsində 1500-dək məktəbli Respublika Velotrekində yerləşən Velosiped Muzeyi, “İSMA” velosipedlərinin Sərgi-Satış Mərkəzi, Velosiped Treki, BMX stadionu, idmançıların təlim-məşq şəraitli ilə tanış olub, Azərbaycan tarixi və velosiped idmanına aid suallardan tərtib olunmuş bilik yarışında iştirak ediblər.
Olimpiadanın son günü, dekabrın 30-da ilkin mərhələlərdə və finalda yüksək nəticə göstərmiş şagirdlərin 30 nəfərinə həvəsləndirici mükafatlar təqdim edilib. İlk 3 yeri tutan iştirakçılara – 266, 19 və 240 saylı məktəblərin şagirdləri Mustafa Mustafayevə, Kənan Hüseynova və Aysel Xasməmmədovaya isə Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES” zavodunun istehsalı olan velosipedlər hədiyyə edilib.