Maksim Averin yenidən fəxri kürsüdə

Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı “Porec Trophy” yürüşü keçirilib. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” da mübarizə aparıb.

Birgünlük yarışda iştirakçılar 143 km məsafə qət ediblər. Qeyd edək ki, ötənilki “Porec Trophy” turnirinin qalibi, Azərbaycanın Elit yığması və “Synergy Baku”nun üzvü Maksim Averin də bugünkü yarışda mübarizə aparıb. İsmayıl İlyasov, Markus Eybeger, Yannis Tamuridis və Dennis van Vindenin uğurlu komanda işinin nəticəsi olaraq Maksim finişə yaxın ərazidə sprint mövqeyinə çıxıb və yürüşü 3 saat, 25 dəqiqə, 59 saniyəyə başa vuran pelotonun içərisində olub. Fotofinişə əsasən, velosipedçimiz 3-cü yeri tutub. Bu isə ona Rio-2016 Yay Olimpiya Oyunlarına daha 16 lisenziya xalı qazanmağa imkan verib.

Xatırladaq ki, Maksim Averin bunadək “İzola” Qran-Prisində 5-ci olmaqla 10, “Umag Trophy” yürüşündə isə 2-ci olmaqla 30 lisenziya xalı qazanmışdı. Yığma komandamızın üzvü növbəti lisenziya xallarını martın 12-də Xorvatiyada start götürəcək 2.2 kateqoriyalı 4 günlük “Istrian Spring Trophy” yürüşündə qazanmağa çalışacaq.

Həmin kateqoriyadan