- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Dinamo” idman sarayında əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə 2-ci millətlərarası futzal turniri keçirilib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, yarış Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) dəstəyi ilə Moskva şəhəri Regionlararası Əməkdaşlıq, Milli Siyasət və Dini Təşkilatlarla Əlaqələr Departamenti, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfindən təşkil edilib.
Kubok uğrunda 14 komanda mübarizə aparıb: “Qarabağ”, ÜAK (Ümumrusiya Azərbaycanlılar Konqresi), RAGB (Rusiyanın Azərbaycanlı Gənclər Birliyi), Moskva şəhəri Qərb İnzibati Dairəsinin Bədən Tərbiyəsi Mərkəzi, Moskva Futbol Hakimləri Kollegiyasının yığma komandası, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti, Türkiyə diasporu, Slovakiya səfirliyi, Azərbaycan səfirliyi, Qərb İnzibati Dairəsi Prefekturası, Moskva Dövlət Humanitar-İqtisadi Universiteti , MDHİU-nun volontyorlar komandası və “Cabby” taksi komandası.
Rəqabətdə MDHİU 1-ci, Azərbaycanın Rusiyadakı səfirliyinin komandası 2-ci, Moskva şəhəri Qərb İnzibati Dairəsinin Bədən Tərbiyəsi Mərkəzi 3-cü yerləri tutublar.
MDHİU-nun rektoru, Azərbaycan səfirliyinin komandasının heyətində oynamış Vaqif Bayramov hakimlərin yekdil rəyinə əsasən turnirin ən fəal oyunçusu seçilib. “Qələbə əzmi” nominasiyasında mükafat Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yığma komandasına təqdim edilib. Ümumrusiya Azərbaycanlılar Konqresi komandasının oyunçusu Pərviz Rəhimov ən yaxşı müdafiəçi, “Qarabağ” komandasının təmsilçisi Paşa Musayev turnirin veteranı tituluna layiq görülüb. Ən yaxşı hücumçu, ən yaxşı qapıçı, ən məhsuldar “bombardir” nominasiyalarında da mükafatlar təqdim edilib.
Mükafatları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu. Moskva şəhəri Regionlararası Əməkdaşlıq, Milli Siyasət və Dini Təşkilatlarla Əlaqələr Departamentinin rəhbəri Yuri Artyux, Slovakiyanın Rusiyadakı səfiri Yozef Miqaş, Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx, Azərbaycan Futbol Federasiyası Veteranları İttifaqının sədri Rüstəm Rəhimov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Əliyev, Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev, ÜAK-ın Moskva Regional bölməsinin rəhbəri Əlizaman Rəhimov, MDHİU-nun rektoru Vaqif Bayramov və əfsanəvi arbitrin nəvəsi Tofiq Bəhramov təqdim edib.
Moskva şəhəri Regionlararası Əməkdaşlıq, Milli Siyasət və Dini Təşkilatlarla Əlaqələr Departamentinin rəhbəri Yuri Artyux mükafatlandırma mərasimini açaraq, bütün iştirakçıları dostluq və idman bayramı münasibətilə təbrik edib və Moskva meri Sergey Sobyaninin təbrikini oxuyub. Merin təbrikində deyilir: “Tofiq Bəhramovun şərəfinə yarışlar keçirilməsi , Futbol üzrə Avropa kuboklarının və dünya çempionatının final yarışlarına hakimlik etmiş dünya şöhrətli sovet və Azərbaycan arbitrinin xatirəsinə hörmət, onun Vətən qarşısında böyük xidmətlərinin etirafı deməkdir. Əminəm ki, Tofiq Bəhramovun xatirəsinə həsr edilmiş II turnir bütün millətlərdən olan futbol həvəskarları üçün əsl bayram olacaq. Futbol komandalarının iştirakçıları bu turnirdə gözəl oyun nümayiş etdirərək azarkeşləri sevindirəcəklər”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu turnirin təşkil edilməsi ideyasına və turnirin keçirilməsinə görə Moskvanın meri Sergey Sobyaninə və Millətlərarası Əlaqələr Departamentinə təşəkkürünü bildirib. O deyib: “Moskva kimi meqapolisdə bu cür tədbirlər keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki bu, sadəcə idman tədbiri deyil. Bu turnir insanlar arasında dostluğu, qarşılıqlı anlaşmanı, insanların bir-birinə hörmətini möhkəmlədir. Belə tədbirlərdə əsas məsələ qələbə deyil, iştirak etməkdir!”
Matçlar arasında fasilədə tamaşaçılar Tofiq Bəhramovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər. Foyedə “Dünya mənzərələri. Azərbaycan və Rusiya” adlı sərgi təşkil edilmişdi. Qonaqlara Azərbaycan milli şirniyyatları paylanıb. Uşaqlar üçün xüsusi animasiya meydançası təşkil edilib. Turnir Azərbaycanın populyar ifaçılarının – “Natiq” ritm qrupunun, Azərbaycanın Əməkdar Artisti Ədalət Şükürovun, Miri Yusifin və “Odlar yurdu” rəqs ansamblının iştirakı ilə möhtəşəm konsert proqramı ilə başa çatıb.