- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Neftçi» futzal klubu bu mövsüm böyük iddia ortaya qoyub. Allsport.az saytının məlumatına görə, «ağ-qaralar» cari rəqabətdə çempionluğu hədəfləyib. Bunu komandanın kapitanı Fərid Atakişiyev də təsdiqləyib. Təcrübəli oyunçu bildirib ki, məqsədə yetişməyin çətin olmasına baxmayaraq, onlar var gücləri ilə çalışıb qızıl medallar uğrunda sonadək mübarizə aparacaqlar:
««Neftçi» klubu çempionluğa oynayır. Bu il digərlərinə nisbətən, rəqabət daha çoxdur. Klublar güclənib. Mücadiləyə yeni qoşulan iddialılar var. Yarışda bütün komandalar bir-birlərindən xal alacaq gücdədirlər. Bizim istəyimiz, bacardıqca irəliləməkdir. Bunun üçün var gücümüzlə məşq edirik. İnşallah, sonda istəyimizə çatarıq».
24 yaşlı futzalçı, bu mövsüm Yüksək liqada debüt edən «Xəzər adaları» və lider «Fənər»i dəyərləndirib. Bildirib ki, bu rəqiblər səviyyəli olsalar da, onlara sonadək müqavimət göstərəcəklər: ««Fənər» və «Xəzər adaları»nın güclü heyəti var. Futzalı yaxından izləyənlər bu klubların çempionluq şanslarının yüksək qiymətləndirirlər. Amma bizə gəldikdə, güclü yerli oyunçular və öz sözlərini deyə biləcək legionerləri görərsiniz. Hamı hədəfin yüksək olduğunu anlayır. Bunun üçün gücümüzü əsirgəmirik.
Diqqət çəkən bir fakt da odur ki, yeganə yerli baş məşqçi məhz «Neftçi»dədir – İlqar Aslanov. Yaradılan hər şəraitə görə komandanın prezidenti Sadıq Sadıqova minnətdarıq. Hər zaman yanımızda olan idman direktoru Ruslan Hüseynova da təşəkkürümüzü bildiririk».