Qadın qoşaçarxçımızdan Rio-2016-ya doğru daha bir addım

Şosse velosipedi üzrə milli komandamız və Sloveniyanın “BTC Llubljana” dünya turu komandasının üzvü Yelena Pavluxina Rio-2016-ya növbəti lisenziya xalları qazanıb. Allsport.az xəbər verir ki, qoşaçarxçımız Çində keçirilən “Tour of Zhoushan Island” turunda aktivinə daha 12 reytinq balı yazıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı üçgünlük yarışının yekununa əsasən, yığma komandamzın üzvü ümumi təsnifatda 70 velosipedçi arasında 4-cü olub. Qeyd edək ki, Yelena Pavluxina mayın 6-8-də Çində keçirilən digər bir yarış – dünya turu statusunu daşıyan “Tour of Chongming” veloturunda da uğurla çıxış etmiş və ümumi təsnifatda 9-cu olaraq 30 reytinq xal qazanmışdı.

Bugünkü 12 xalı nəzərə almasaq, hazırda idmançımız aktivindəki 137 reytinq xalı ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq sıralanmasında 685 qadın velosipedçi arasında 70-ci yerdə qərarlaşır. Bu isə Yelena Pavluxinaya Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı verir.

Qeyd edək ki, UCİ qaydalarına əsasən, qadın velosipedçilərin reytinq xallarını toplaması prosesi mayın 31-də başa çatacaq və yalnız bundan sonra Olimpiya Oyunlarına vəsiqə qazanacaq velosipedçilərin adlarına aydınlıq gələcək.

Həmin kateqoriyadan