Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin yeni prezidentini seçib
13 mart 2018 / 14:25 Baxış sayı: 1427 İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin yeni prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, İstanbulda təşkil olunan sayca 31-ci konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə AzVİF-in 1-ci vitse-prezidenti, UEC-nin rəhbər komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıblar.
Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-nin keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.
Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-nin rəhbər komitəsinin üzvlüyünə qəbul edilib.
Qeyd edək ki, burada prezident daxil olmaqla, cəmdə üvz 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir. Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Növbəti toplantısı 2019-cu ilin martında Romada olacaq.