“Synergy Baku” Side mükafat yarışının ən yaxşı komandası olub
12 mart 2018 / 14:28 Baxış sayı: 1284 Türkiyədə 1.2 dərəcəli Side qran-prisi keçirilib. Allsport.az saytı xəbər verir ki, 1-günlük yarış “Synergy Baku” üçün uğurlu alınıb. Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəni Samir Cəbrayılov göstərib.
Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.
“Synergy Baku”nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5 saniyə geri qalmaqla 5-ci yeri tutub və bununla da klubumuzun aktivinə daha 15 xal əlavə edib. Komanda hesabına gəlincə, “Synergy Baku” ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla da təltif edilib.