- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku”nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, ötən illə müqayisədə komandanın tərkibində müəyyən dəyişikliklər var. Belə ki, Azərbaycanın Elit yığma komandasının üzvü Tural İsgəndərov və avstriyalı Markus Eybegerlə yeni müqavilə imzalanmayıb. Aqşin İsmayılov isə dağ velosipedi üzrə məşqçilik karyerasına başlaması ilə əlaqədar, şosse yarışlarında iştirakını başa vurub.
Diqqət çəkən əsas məqam Azərbaycanın gənclər yığmasının üzvü Kənan Qəhrəmanlının “Synergy Baku”ya cəlb olunmasıdır. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, gənclər yığmamızın daha bir üzvü Tərlan Məmmədovun da “Synergy Baku” ilə müqavilə imzalaması müzakirə edilir: “2016-cı il üçün açıqlanan 14 nəfərlik ilkin heyət içərisində Azərbaycanın müxtəlif yığma komandalarının şərəfini qoruyan 8 velosipedçi var. Onlar Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bayrağı altında keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak etməklə böyük təcrübə toplayırlar və bu da fedrasiyamızın əsas məqsədlərindən biridir”.
Baş katibin fikrincə, Kənan Qəhrəmanlı, həmçinin Tərlan Məmmədov gələcəyinə böyük ümidlər bəslənilən gənc velosipedçilərdəndir. Komandanın daha təcrübəli yerli və əcnəbi üzvləri ilə birgə məşq və yarışların bu idmançıların inkişafına müsbət təsir göstərəcəyi isə heç kimdə şübhə doğurmur.
“Synergy Baku”nun heyətinə cəlb edilən digər velosipedçilərə gəlincə, xorvatiyalı Matiya Kvasina ölkəsinin fərdi ötüşmə üzrə son çempionudur. Digər xorvat velosipedçi Yosip Rumaç isə qrup ötüşməsi üzrə Xorvatiya çempionatında 2-ci yeri tutub, həmçinin ölkəsinin yığma komandasının heyətində Bakı-2015 ilk Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.
Gələn il üçün sifariş edilən Kiril Pozdnyakova gəlincə, 2013-cü ildə “Synergy Baku”nun heyətində uğurlu mövsüm keçirən velosipedçi 2.1 kateqoriyalı çoxgünlük “Tour of China” yürüşünün qalibi olub, sonrakı 2 ildə isə Rusiyanın pro-kontinental “RusVelo” komandasının heyətində çıxış edib.
“Synergy Baku”-2016: Elçin Əsədov (Azərbaycan, Elit), Maksim Averin (Azərbaycan, Elit), Elgün Əlizadə (Azərbaycan U-23), Ənvər Asanov (Azərbaycan U-23), İsmayıl İlyasov (Azərbaycan U-23), Samir Cəbrayılov (Azərbaycan U-23), Kənan Qəhrəmanlı (Azərbaycan, gənclər), Tərlan Məmmədov (Azərbaycan, gənclər), Matiya Kvasina (Xorvatiya), Matey Müqerli (Xorvatiya), Yosip Rumaç (Xorvatiya), Aleksandr Surutkoviç (Ukrayna), Kiril Pozdnakov (Rusiya) və İoannis Tamuridis (Yunanıstan).