- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Mərakeşdə 2.2 kateqoriyalı 10-günlük “Tour du Maroc” yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, velotur ölkəmizin “Synergy Baku” kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Sonuncu, 10-cu mərhələdə iştirakçılar Rabatdan Kasablankaya qədər olan 120 km məsafəni qət ediblər. Təmsilçilərimizin hamısı – Elçin Əsədov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç məsafəni 2 saat, 30 dəqiqə, 31 saniyəyə başa vuran pelotunun içərisində olublar.
Bununla da yekun sıralanma mövqeyində demək olar ki, heç bir dəyişiklik baş verməyib. Yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan Elit yığma komandamızın üzvü Kiril Pozdnyakov ümumi təsnifatda 3-cü yeri tutmaqla fəxri kürsüyə qalxıb. İlk 20-likdə “Synergy Baku”nun daha 2 üzvü yer alıb – bunlar müvafiq olaraq 11 və 13-cü yerdə qərarlaşan Yosip Rumaç və 7-ci mərhələnin qalibi olmuş Elit yığmamızın digər üzvü Elçin Əsədovdur. Samir Cəbrayılov sıralanmada 25-ci olub.
Mərakeş Turunu “Synergy Baku” üçün əlamətdar edən ən önəmli məqamlardan biri də Yosip Rumaçın yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyinə yiyələnməsidir. 4-cü mərhələdən etibarən liderliyə yüksələn velosipedçimiz bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.