“Tour d’Azerbaidjan-2016” veloyürüşü ilə bağlı mətbuat konfransı keçirilib

Mayın 4-də start götürəcək “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçririlib. Allsport.az saytı xəbər verir ki, tədbirdə veloturun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.

Mətbuat konfransı başlamazdan əvvəl xarici qonaqlar və jurnalistlər yenidən qurulmuş və genişləndirilmiş Respublika Velotreki ilə tanış olublar. Onlara məlumat verilib ki, Azərbaycanda ilk velosiped treki 1980-ci ildə ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə istifadəyə verilib. O dövrdə ən müasir idman qurğularından biri hesab olunan Respublika Velotrekinin beton örtüyünün perimetri 333,33 metrdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində baxımsızlıq üzündən Velotrekin beton örtüyü dağılmış, ərazisinin böyük hissəsi isə zəbt olunmuşdu.

Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunduqdan sonra, 2012-ci ildə Velotrekin ərazisində geniş yenidənqurma və abadlıq işlərinə başlanıldı. Trekin beton örtüyü əsaslı şəkildə yenidən quruldu, ərazidə ən müasir tələblərə cavab verən yeni inzibati bina, mini-futbol meydançası, BMX velosipedçilərinin məşq etmələri üçün “Pamp-Park”, hər birinin tutumu 150 kub metr olan 2 su anbarı, qazanxana və s. inşa olundu.

Ümumi sahəsi 4620 kvadrat metr olan inzibati binada federasiyanın ofisi, 2 konfrans zalı, komandalar üçün iş və tədris otaqları, trenajor zalları, həkim məntəqəsi, məşqçilər və idmançılar üçün mənzillər və s. yerləşir.

Mətbuat konfransı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailəsi ilə birlikdə 2015-ci il Avropa Oyunları ərəfəsində Veloparkda inşa olunmuş yeni BMX stadionu ilə tanış olarkən “Synergy Baku” komandası ilə görüşünü əks etdirən videoçarxla başlanıb. Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, həmin görüşdə ölkə başçısı “Tour d’Azerbaidjan” beynəlxalq yarışlarını “Eurosport” kanalı vasitəsilə izldəyini, bu turun Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvimində özünə möhkəm yer tutduğunu, Bakının və bütövlükdə ölkəmizin dünyaya tanıtdırılmasında müstəsna rol oynadığını məmnunluqla vuğulayıb.

Veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2016″ barədə ətraflı məlumat vererək bildirib ki, bu veloyürüş həm gözəl bir idman tədbiridir, həm də ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır. Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.

Qeyd olunub ki, “Eurosport” kanalının rəsmi məlumatına görə keçən il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu barədə videosüjetlər dünyanın 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanarkən 32,7 milyondan çox televizor bu kanallara köklənib. Hər televizor qarşısında da bir neçə nəfərin yarışları izlədiyini, habelə “Eurosport” kanalının rəsmi internet səhifəsinə “Tour d’Azerbaidjan”la bağlı 15 milyondan çox daxilolma qeydə alndığını nəzərə alsaq, yüz milyondan çox insanın həm velotur, həm də Azərbaycan barədə geniş məlumat əldə etdiyini əminliklə söyləmək olar.

Bildirilib ki, builki yarışda 18 ölkədən 21 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Velotur 5 mərhələdən ibarətdir və velospiedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edəcəklər.

Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Roland Hofer, ölkəmizdə velosiped idmanının günü-gündən inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Azərbaycanın “Synergy Baku” kontinental komandası bu günlərdə Xorvatiyada 5 Dünya Turu, 7 peşəkar kontinental və 9 kontinental kollektivin iştirakı ilə keçirilən nüfuzlu yarışda həm ümumkomanda hesabında çempion olub, həm də komndamızın üzvü Matiya Kvasina lider köynəyini qazanıb. Azərbaycanın milli yığma komandasının üzvü Yelena Pavluxina da bir neçə gün əvvəl Çexiyada keçirilən 5 günlük beynəlxalq turnirin qalibi olub. O, yenicə inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan velosipedçilərinin Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya qazanmalarını da böyük uğur kimi dəyərləndirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turunun əvvəlki illərdə oluğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən Roland Hofer, qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb. Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Həmin kateqoriyadan