Trek üzrə Avropa çempionatı başa çatıb

Fransanın Qvadelupa adasında velosiped idmanının trek növü üzrə Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, qitənin 30-dan artıq ölkəsinin iştirak etdiyi yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub.

Təmsilçilərimizdən ən yüksək nəticə Olqa İsmayılovaya məxsusdur – o, 200 və 500 metr məsafəyə sprint yarışlarında 4-cü yeri tutmaqla Azərbaycanın bu növ üzrə qitə çempionatlarında ən yüksək göstəricisinə imza atıb. 200 metr məsafəyə mübarizə zamanı velosipedçimiz təsnifat yürüşündə 11.596 saniyə göstərici ilə 21 iştirakçı arasında ən yüksək nəticəyə imza atıb.

1/8 finalda Ukrayna, 1/4-də isə Litva idmançısından güclü olan Olqa İsmayılova yarımfinala vəsiqə qazanıb. Amma bu mərhələdə İspaniya təmsilçisinə uduzan velosipedçimiz, bürünc medal uğrunda həlledici yürüşlərdə Almaniyalı olimpiya çempionu Kristina Foqelin müqavimətini qıra bilməyib.

500 metr məsafəyə sprint yarışında isə İsmayılovaya bürünc medal üçün cəmi 0.111 saniyə çatmayıb – o, 34.953 saniyə göstərici ilə bu növdə də 4-cü yeri tutub. Xatırladaq ki, bu vaxta qədər trek üzrə Avropa çempionatlarında ən yüksək nəticəmiz 2005-ci ilə təsadüf edirdi – 12-ci yer.

Digər qadın idmançımız Yelena Pavluxina 3000 metr məsafəyə fərdi izləmə yarışında 22 nəfər arasında 12-ci, skretçdə isə 28 nəfər arasında 13-cü yeri tutub. Qeyd edək ki, yığma komandamız Qvadelupadan birbaşa Meksikaya yollanacaq və noyabrın 8-9-da bu ölkədə keçiriləcək dünya kubokunun birinci mərhələsinə hazırlaşacaq.

 

Həmin kateqoriyadan