Yeni Velotrekdə ölkə çempionatı

Əsaslı təmirdən sonra yenilənmiş Respublika Velotrekində trek üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda AVİF-in nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıblar.

Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın trek yığmasının aparıcı üzvləri, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) nüfuzlu turnirlərinin qalib və mükafatçısı Olqa İsmayılova və Sergey Omelçenko da iştirak edib ki, bu da yarışa olan marağı daha da artırıb.

Gözlənildiyi kimi, qadınların sprint, eləcə də kişilərin keyrin mübarizəsi yığma komandamızın liderlərinin qələbəsilə başa çatıb. Bununla da həm Olqa İsmayılova, həm də Sergey Omelçenko Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq aktivlərinə 30 reytinq balı əlavə ediblər. Bu isə idmançılarımızın Dünya Kuboku turnirində iştirak hüququna yiyələnməsi mənasında olduqca böyük əhəmiyyət kəsb edir.

Digər növlərə gəlincə, qadınların 500 metr məsafəyə fərdi ötüşməsində “Atasport” klubunun təmsilçisi Ülfət Nəzərli, kişilərin 1000 metr məsafəyə mübarizəsində və omnium yarışında “Lokomotiv” klubunun nümayəndəsi Məhəmməd Ələkbərov, kişilərin xalla qrup ötüşməsində “Synergy Baku / Neftçi İdman Klubu İctimai Birliyi”ndən Samir Cəbrayılov və nəhayət kişilərin 3 km məsafəyə fərdi izləmə yarışında “Synergy Baku” komandasının üzvü Tural İsgəndərov Azərbaycan çempionu adına layiq görülüb.

Mükafata layiq yerlər tutan idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Həmin kateqoriyadan