“Belə xallar itirəcəyiksə, premyer liqadan düşə bilərik”

“Sumqayıt” premyer liqanın 19-cu turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov fikrini bildirib:

“Oyunun necə keçdiyini siz daha yaxşı gördünüz. Birinci hissədə yaxşı, hərəkətli oynayırdıq. Rəqibə boşluqlar, epizodlar vermədik. Baxmayaraq ki, hücumameyilli, yaxşı oyunçuları var. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimizi itirdik. Əvəzedicisi də yox idi. Bu, komandaya və planlara təsir edəcəkdi. Buraxılan qollarda da özünü göstərdi.

Vurğun Hüseynov matçdan əvvəl zədələndi. Amma oyuna çıxdı və davam edə bilmədi. Planlarımız pozuldu. Rəqibin təzyiqi və başqa cür oyunu var idi. Biz qopduq. Muradı arxaya çəkdik və mərkəzi rəqibə verdik. Üç qol vurmaq “Zirə”nin səviyyəsini ortaya qoyur. Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmasa, oyunumuzu daha da yaxşılaşdıra bilərik. Yeni oyunçularımız da meydanda idi. Bu çempionatı tanımırlar. Başa düşürük. Ümid edirik ki, gələn oyunlarda daha yaxşı olarlar.

Maya qədər vaxtımız var. Oyunları udmalıyıq. Ən azından öz rəqiblərimizi udmalı və xallar götürməliyik. Bu gün Vurğunun zədələnməsindən sonra oyun tam dəyişdi. Amma biz iki hissəni də oynamalıyıq ki, xal götürək. Premyer liqadan düşə də bilərik. Heç kim düşməyəcəyimizə zəmanət verməyib. Belə xallar itirəcəyiksə, düşə bilərik. Gənclərimiz çoxdur. Hamımız dərk etməliyik ki, yerimizi qorumalıyıq. Hamımız birlikdə çalışmalıyıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish