Azərbaycanlı idman məmuru Türkiyə güləş federasiyasında yüksək vəzifəyə təyin olundu!

“Təhsil” RİM-in nəzdində 2 saylı Respublika ixtisaslaşmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin direktoru, eləcə də Azərbaycan badminton federasiyasının baş katibi Əjdər Cəfərova yurd dışında yüksək etimad göstərilib. Allsport.az saytı xəbər verir ki, o, Türkiyə güləş federasiyasının beynəlxalq təmsilçilik fəaliyyətlərinə nəzarət etmək və xarici əlaqələrini inkişaf etdirmək üçün onun Beynəlxalq nümayəndəlik və xarici əlaqələr üzrə direktoru təyin edilib.

Bununla bağlı TGF-in başqanı Taha Ağgül federasiyanın rəsmi sosial hesabında açıqlama verib: “Beynəlxalq idman idarəçiliyi, federasiyalararası əməkdaşlıq və təşkilati proseslər sahəsində təcrübəsi ilə tanınan Cəfərovun Türkiyə güləşinin beynəlxalq şəbəkəsinin gücləndirilməsinə, strateji əməkdaşlığın inkişaf etdirilməsinə və beynəlxalq təşkilatların ölkəmizə gətirilməsinə əhəmiyyətli töhfələr verəcəyi gözlənilir. Ona yeni vəzifəsində uğurlar arzulayırıq və ümid edirik ki, onun Türkiyə güləşinə verdiyi töhfələr faydalı olacaq”.

Əjdər Xosrovoğlunun idman adamı kimi zəngin fəaliyyətə malikdir. O, 2011–2016-cı illərdə Azərbaycan güləş federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçidir, olimpiya kateqoriyalı beynəlxalq hakim olub.

3 olimpiya oyunlarında ədaləti qoruyub: Sinqapur-2010 yeniyetmələrin yay olimpiya oyunları, London-2012 yay olimpiya oyunları, Nanjinq-2014 yeniyetmələrin yay olimpiya oyunları.

Uğurları və təltifləri yetərincədir: 2012-ci ildə Azərbaycan respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub; 2012-ci ildə dünya güləş birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb. 2015-ci ildə “Azərbaycan respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilib; Bakı-2015 ilk Avropa oyunlarında güləş yarışlarının beynəlxalq əlaqələndiricisi olub.

Həmin kateqoriyadan