Hansı oyun təxirə salındı?

Premyer liqanın 2-ci turunda “Sumqayıt” – “Sabah” oyunu təxirə salınıb. Allsport.az saytı xəbər verir ki, PFL və meydan sahibinə müraciət edən Bakı klubu Serbiya “Partizan”ı ilə konfrans liqasının cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə matçının başqa vaxtda keçirilməsini istəyib.

“Sabah”ın rəsmi müraciətini, “Sumqayıt”ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum, ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq avqustun 13-nə nəzərdə tutulan oyunu təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları isə qüvvədə qalıb.

Azərbaycanın digər avrokubok təmsilçilərindən PFL-ə oxşar müraciət daxil olmayıb. Avqustun 17-də keçiriləcək “Partizan” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıda ilk görüşdə “bayquşlar” 2:0 qalib gəlib.

Həmin kateqoriyadan