“İdman – davranış, kimlik, birgə hiss, milli rəmz, mətbuat təsiri yaradan böyük mədəni sistemdir”

Vətən müharibəsi zəfərindən sonrakı dövrdə Azərbaycanın qarşısında yalnız Qarabağda iqtisadi və infrastruktur bərpası deyil, həm də yeni sosial-mədəni və beynəlxalq əlaqə qurmaq vəzifəsi dayanır. Bu səpkidə “idman diplomatiyası” anlayışı xüsusi gündəm qazanır. Mövzu ilə bağlı strateji kulturologiya və qlobal idman siyasəti üzrə şərhçi, politoloq Pərvin Əlioğlu ilə söhbətləşdik. Müsahibimiz həm də Qərbi Azərbaycan icmasında təmsil olunur.

Qarabağdan sonrakı dövrdə idman diplomatiyası niyə vacib hesab olunur?
– Çünki müasir dünyada idman artıq sadəcə yarış deyil – beynəlxalq imic, yumşaq güc, geosiyasi kommunikasiya, gənclik siyasəti vasitəsinə çevrilib. Qarabağsonrası mərhələdə Azərbaycan yeni regional reallıq yaradır. Bu reallıq daxilində idman diplomatiyası həm ölkənin beynəlxalq nüfuzunu artırmaq, həm də yeni sosial inteqrasiya modeli formalaşdırmaq baxımından mühüm rol oynaya bilər. Bu gün dünyada bir çox dövlət idmanı strateji alət kimi istifadə edir.

– “Qarabağsonrası idman diplomatiyası” anlayışını necə xarakterizə edərdiniz?
– Mən bunu postmünaqişə dövrünün yeni mədəni və siyasi kommunikasiya modeli kimi qiymətləndirərdim. Burada əsas istiqamətlər – beynəlxalq idman tədbirləri, regional əməkdaşlıq, gənclərin inteqrasiyası, mədəni diplomatiya, yumşaq güc strategiyasıdır. Azad edilmiş ərazilərdə stadionların, idman komplekslərinin və beynəlxalq tədbir məkanlarının yaradılması sadəcə tikinti prosesi deyil. Bu, yeni sosial və mədəni atmosferin qurulmasıdır.

Qarabağ bölgəsi beynəlxalq idman mərkəzinə çevrilə bilərmi?
– Potensial çox böyükdür. Xüsusilə, dağ idman növləri, ekoloji idman tədbirləri, velosiped marşrutları, futbol akademiyaları, müxtəlif idman festivalları üçün Qarabağ əlverişli regiondur. Bundan başqa, gələcəkdə Türk dünyası oyunları, beynəlxalq gənclik forumları, regional idman festivalları kimi tədbirlərin daha intensiv keçirilməsi mümkündür. Bu, Azərbaycanın regional nüfuzunu gücləndirə bilər.

İdman diplomatiyasında gənclərin rolu nədir?
– Ən böyük rol məhz gənclərə məxsusdur. Çünki yeni dövrdə: rəqəmsal media, e-sports, sosial şəbəkə fanatlığı, influnser mədəniyyəti gənclər üzərindən formalaşır. Bu səbəbdən “gənclər kulturologiyası” və “idman kulturologiyası” artıq bir-biri ilə əlaqəli sahələrə çevrilir. Gələcəyin idman diplomatiyası yalnız stadiondan ibarət olmayacaq. Burada rəqəmsal fan icmaları, media platformaları, virtual idman məkanları, e-sports diplomatiyası da mühüm yer tutacaq.

Azərbaycanda “idman kulturologiyası” ayrıca sahə kimi inkişaf edə bilərmi?
– Tamamilə mümkündür. Hətta məncə bu artıq zərurətə çevrilir. Çünki idman – davranış, kimlik, birgə hiss, milli rəmz, mətbuat təsiri yaradan böyük mədəni sistemdir. Məsələn, futbol tribunaları, fan davranışları, milli komandaya münasibət, rəqəmsal azərkeş mədəniyyəti, hamısı kulturoloji araşdırma mövzusudur. Gələcəkdə universitetlərdə: “İdman kulturologiyası”, “İdman diplomatiyası”, “Rəqəmsal gənclik və idman” kimi yeni istiqamətlər yarana bilər.

Qarabağsonrası idman modeli Azərbaycanın beynəlxalq imicinə necə təsir edə bilər?
– Çox ciddi təsir göstərə bilər. Çünki beynəlxalq aləmdə artıq dövlətlər yalnız siyasi bəyanatlarla deyil, mədəni və idman layihələri ilə də tanınır. Əgər Qarabağ – beynəlxalq yarışlar, gənclik forumları, idman festivalları, regional əməkdaşlıq platformaları ilə gündəmə gəlsə, bu Azərbaycanın yumşaq gücünü əhəmiyyətli dərəcədə artıracaq. Bu, həm də postmünaqişə dövrünün yeni vizual və mədəni simvoluna çevrilə bilər.

Son olaraq əsas mesajınız nədir?
– Qarabağsonrası mərhələ yalnız bərpa prosesi deyil. Bu, yeni strateji düşüncə mərhələsidir. İdman diplomatiyası isə: mədəniyyət, geosiyasət, gənclik, beynəlxalq kommunikasiya arasındakı körpüyə çevrilə bilər. Gələcəkdə güclü dövlətlər yalnız iqtisadiyyatla deyil, həm də: mədəni təsir, idman, rəqəmsal kommunikasiya, gənclik enerjisi ilə rəqabət aparacaqlar.

Həmin kateqoriyadan