“Dəniz küləyi”ndə su idmanı həyəcanı

“Dəniz küləyi” (“Sea Breeze”) marinada “Yaxt klub” ərazisində yay mövsümünün açılışına start verilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə su idman növləri federasiyası (ASİNF) da iştirak edib. ASİNF-in icraçı vitse-prezidenti Fərhad Əliyev çıxış edərək qazanılmış uğurlar barədə ətraflı məlumat verib.

İşğaldan azad olunan ərazilərdə – Suqovuşan və Köndələnçay su anbarlarında beynəlxalq yarışların təşkili, eləcə də “Prezident Kuboku 2026” beynəlxalq reqatasının ilk dəfə bu il Ağdərədə Sərsəng su anbarında keçirilməsinin əhəmiyyətindən bəhs edib.

O deyib ki, ASİNF bu il uğurlarına daha birini əlavə edərək yelkən idmanını da özünə birləşdirib. Martın 14-dən etibarən federasiya yelkən idman növü üzrə bir çox yerli və beynəlxalq yarışlarda nailiyyətlər əldə edib.

Ardınca “Prezident kuboku-2026” beynəlxalq reqatası ilə bağlı videoçarx nümayiş olunub. Sonra ASİNF-in təşkilatçılığı ilə “Yaxt klub” ərazisində yelkən idmanı üzrə 28 May- Müstəqillik gününə həsr olunan yarış keçirilib. İdmançılar SB-20 sinfi üzrə yelkən qayıqlarında mübarizə aparıblar.

Optimist sinfi üzrə yelkən qayıqlarında azərbaycan bayraqları ilə nümunəvi çıxışlar nümayiş etdirilib, həvəskarlar üçün kayak qayıqlarında master-klaslar təşkil olunub. Uşaq və yeniyetmələr peşəkar məşqçilərin nəzarəti ilə Xəzər dənizində avar çəkiblər.

Həmin kateqoriyadan