YAZI
Roman Qriqorçukun yerli futbolçulara sayğısızlığı niyə artmağa başlayıb

Futbolumuzda zamanzaman əcnəbi məşqçilərin xüsusi münasibətdən suiistifadə etməsinin şahidi olmuşuq

Klublarımızın Avropa macərası bu dəfə qrup mərhələsi səddini aşaraq davam edəcəkmi? Sualın cavabı mücərrədliklər arxasında gizlənib. «Qəbələ»nin bu fürsəti dəyərləndirməsi reallığa bənzəmir. Çünki klub son iki matçda qələbə qazanmalı, üstəlik, «Krasnodar» son turlarda xal qazanmamalıdır – bunların nə qədər inandırıcı görünməsini zamanın və oxucuların ixtiyarına buraxaq. Amma «Qarabağ» artıq bu hüququ əldə etməliydi. Qrup nə qədər mürəkkəb olsa da, proqnozlaşdırdığımız kimi, oyunlar da əyani nümayiş etdirdi ki, komandamızın imkanlarını heç bir mübaliğəyə yol vermədən buna qadir adlandırırdıq. «Monako» ilə son görüşlər bu reallığı daha açıq-qabarıq göstərdi. Əfsuslar ki, bu mövzuda öncəki məqalədə göstərdiyimiz problemlər bu dəfə də özünü büruzə verdi.

«Qəbələ»nin problemlərini lap əvvəldən qələmə almışdıq, amma nədənsə bu, indi-indi diqqət cəlb etməyə başlayıb. Meydanda görünməyən yerli futbolçular son səfər matçında 0:3, 0:4 hesablarından – 60-70-ci dəqiqələrdən sonra da etimada layiq görülmədilər. Buna qədər ehmalla ehtimala yol vermədən sussaq da, indi aşkar görünür ki, bu səbəbsiz deyil. Futbolumuzda zaman-zaman əcnəbi məşqçilərin xüsusi münasibətdən sui-istifadə etməsinin şahidi olmuşuq. Onları bütləşdirməklə, çox şey də itirmişik. Axı, məşqçi üçün bir hesab-sorğu olmalıdır.

Ölkəsinin milli komandasına dəvətlə əlaqədar gəzən-söhbətlərə qədər «Qəbələ» sukançısının və onun sevimli oyunçularının davranışı, məşqçinin yerli futbolçulara sayğısızlığı diqqət çəkirdi. Ən azı, bu müddət ərzində oyununda cüzi irəliləyiş olan bir yerli futbolçu da görmürük. Bu mənzərəni ümidsiz Dortmund matında da görmək ağır idi. Səfərdə «Qəbələ» bu günə qədər ən məzsunsuz oyununu nümayiş etdirdi.

Əlbəttə, təkcə oyunçulara münasibət söhbət mövzusu deyil. Baş məşqçinin məhz bu qarşılaşmada nədən taktiki dəyişikliklərə əl atdığını hələ də anlamaq olmur. Özü də bu yeniləşmə ab-havasına bənzəyən və hücuma meyilli bir rəqiblə oyun üçün özünü heç doğrultmayacaq bir seçim idi. Nəticədə, ilk dəfə zədələnmiş Bezotosnını əvəz edən qapıçı olmasaydı, hesab bəlkə də iki-üç dəfə (!) böyük olardı. Qapıya endirilən 31 zərbədən 13-ünün hədəfi nişan alması, eləcə də 7-sinin bloklanması, 2-sinin dirəyə tuş gəlməsi çox şey deyir.

Bəs «Qarabağ» nədən birinci oyundan dərs çıxarmadı? Açığı, komanda heç də pis təsir bağışlamırdı. Məşqçi korpusu məhz rəqibin mövcud durumunu yenidən təhlil edə bilmişdi. Həm də «Qarabağ» ilk oyunda buraxılan bir səhvi dəyərləndirə bilib rəqibin heç də yenilməz olmadığını aşkara çıxarmışdı. İlk dəqiqələrdən oyun tam lazım olan məcrada getdi. Sanki son zərbə səhvləri-problemləri olsa da, quruculuq, kombinasiyaları tamamlama, bir sözlə, hər şey yüksələn tempdəydi. İkinci hissə də bu avazla başlandığından, hətta «rəqibin bəxti gətirməyə başlayıb» deyə düşünmək olardı. Lakin itirməyə heç nəyi olmayan və bir xala kəskin ehtiyac duyan knyazlıq komandası bir dəyişikliklə simasını yenilədi – daha bir hücumçu meydan daxil oldu. Bunu komandamızın sükançısı gözdən-nəzərdən qaçırdı və yenə dəyişikliklərdə yanıldı. Komandanın ortabab oyunçularına onun bu qədər güvənməsini hələ də anlamaq olmur. Razıyam, bu futbolçular istənilən an bəzən gurlayan, çağlayan oyun nümayiş etdirə bilirlər. Lakin bu, ciddi oyun quruculuğu üçün yetməz. Yenə buraxılan bir səhv komandaya baha başa gəldi və hesabın bərabərləşməsi komandanın təpərində dəyişikliyə ehtiyac olduğunu üzə çıxardı. Heç bir mübariz kollektiv belədə ruhdan düşməməlidir. Üstəlik, məhz komanda potensialının gücünü bilən bir kollektiv üçün bu yolverilməzdir. Elə buna görə, yekuna görə, hətta bir xalı da uğur saymaq olar. Hesab bərarbərləşdikdən sonra ənənəvi Azərbaycan ovqatına köklənib bu son dəqiqələri – son nəfəs ritmində keçirmək olardı. Əslində, bu risk deyildi. Baş məşqçi oyunun gedişində cüzi taktiki göstərişləri ilə çox mətləbi yeniləyə bilərdi. Axı, rəqib məhz quruculuq üçün bəzi qurbanları vermişdi. Buna görə onu əks tədbirlə yaxalamaq mümkündü. Bunun üçün oyunu əsaslı dəyişməyə ehtiyac yox idi.

Əfsuslar olsun ki, yenə öz səhvləri üzərində öyrənməyə təhkim olunmuş bir komanda gördük. Hərçənd bizdən də çox komandanın hər bir üzvünə agah olmalıdır ki, bu qrup onların imkanları, səviyyəsi, bacarığı həddindədir.
İndi Qurban Qurbanov bütün gücünü məhz bir-birindən fərqli iki tipli komanda ilə oyunlara kökləmələdir. Bu görüşlər üçün lazım olan təbir və güc var. İndi doğru-dürüst taktiki seçim və bütün 90 dəqiqənin hər dəqiqəsini çözmək lazımdır. Oyunun hər axarına da bir seçim olmalıdır. Çünki qarşıdakı rəqib Bakıya ingilis təbirli oyuna üstünlük verərək gələcək. Londondakı oyunda gördüyümüzdən sonra irəliləyişə nail olsa da, təbinin və təbirinin ucaltdığı «göylərdən» onu endirməyə «Qarabağ»ın silahı da kifayət qədərdir. Həmin ipucları elə «Monako» ilə oyunda da var idi. Əlbəttə, bir də «Anderlext»in öz evində «Tottenhem»lə qarşılaşmasını mütləq izləmək lazımdır.

Batı YAR

Həmin kateqoriyadan