Avarçəkənimiz Paris yay olimpiya oyunlarına vəsiqə qazanıb

Azərbaycan kanoe və avarçəkmə federasiyasının son 3 il ərzində apardığı uğurlu işlər gözlənilən yüksək nəticəsini verib. Allsport.az saytı xəbər verir ki, akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 yay olimpiya oyunlarına lisenziya qazanıb. O bu uğura Macarıstanın Seqed şəhərində Avropa olimpiya təsnifat reqatasında nail olub.

İdmançımız yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub (07:40.67/07:40.67). Bu nəticə ilə avarçəkənimiz əsas final olan “A” finalına vəsiqə əldə edib.

Reqlamentə əsasən, bu mərhələdə ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris olimpiadasına lisenziyanı təmin edib. Milli komandamızın üzvü “A” finalında 2-ci olub.

Sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən yay olimpiya oyunlarında təmsil olunub.

Həmin kateqoriyadan