“Prezident kuboku”na neçə ölkə qatılacaq?

30 aprel – 3 mayda ümumilli lider Heydər Əliyevin xatirəsinə “Prezident kuboku-2024” beynəlxalq reqatası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar qatılacaq.

Reqatanın rəsmi keçidi aprelin 30-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Parad saat 14:00-dən etibarən başlayacaq. “Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar 1 may tarixində tarixi torpağımız Suqovuşanda baş tutacaq.

Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata 2-3 may tarixlərində Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq.

“Prezident kuboku” reqatası ardıcıl ikinci ildir Avropa kanoe assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Həmin kateqoriyadan