MÜSAHİBƏ
Rafael Vilela: “Qələbə inamımızın mükafatıdır”

Rusiya yığması ilə keçirilən oyundan sonra futzal üzrə millimizin üzvü Rafael Vilela federasiyanın saytına müsahibə verib. Allsport.az xəbər verir ki, o, öncə qələbəni şərh edib:

–  Rəqibimiz kifayət qədər güclü komandadır. Amma biz də özümüzə inanırdıq. Çünki yaxşı heyətimiz var. Bu qələbəni biz komanda olaraq qazandıq. Kimin az, kim çox əziyyətinin olmasını heç kim hesablaya bilməz. Əlbəttə, inam olan yerdə yaxşı nəticə də qazanmaq mümkündür. Bugünkü qələbə bizim inamımızın mükafatıdır.

– Qrupda iki oyun keçirmişik və fərqli oyunlar nümayiş olunub. Xorvatiyaya qarşı bu cür mübarizə apara bilməməyi nə ilə əlaqələndirirsən?
– Dünən başqa heyətə, oyun üslubuna malik komandaya qarşı çıxış etdik. Əlbəttə, fərqli qarşılaşmalardır. Əsas fərq bizim ilk oyunda şanslarımızı düzgün dəyərləndirə bilməməyimizdir. Xorvatiyaya qol vura bilmədik, amma bu gün 4 dəfə rəqib torunu silkələdik.

– Millinin heyətində beynəlxlq turnirdə 3 qol vurmuşdun. Bu gün isə rəsmi oyunlarda qol hesabını açdın. Bu cür göstəricinin sənin üçün önəmi çoxdurmu?
– Qol vurmaq hər zaman sevindirir. Ancaq biz bu yola komanda şəklində çıxmışıq. Ona görə də komandanın uğur qazanması şəxsi göstəricilərin önündə dayanır. Vacib olan komandamın qələbə qazanması və mənim də bu işdə əməyimin olmasıdır. Buna görə sevinirəm.

– Rusiya yığmasını indiyə qədər məğlub edə bilmədiyimizi bilirdin?
– Xeyr, bunu indi eşidirəm. Statistika keçmiş oyunların göstəricisir. Həyatda isə ancaq irəli getmək lazımdır. Həm də Rusiya yığması hər dəqiqə məğlub edəcəyin komandalardan deyil. Bu gün qələbə qazandığımıza görə çox sevinirəm.

– Slovakiya millisinin oyununu görmüsən. Son oyunda bizi hansı çətinliklər gözləyir?
– Rəqibə hər zaman hörmət etmək, oyuna ciddi köklənmək lazımdır. Güclü rəqibdir. Biz artıq Rusiya ilə oyunu unutmalıyıq, əksinə, Slovakiya ilə qarşılaşmaya konsentrasiya olmalıyıq.

– Final mərhələsinə yollanmaq ehtimalını necə dəyərləndirirsən?
– Böyük fürsətimiz var. Amma indi Slovakiya haqda düşünməliyik. Qələbə qazanmalı, sonra qrupdakı duruma baxmalıyıq.

Həmin kateqoriyadan