Tacəddin Doğan: “Azərbaycanda istedadlı uşaqlar var və onları tapıb üzə çıxarmaq lazımdır”

“Qarabağ” futbol məktəbinin aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan müsahibə verib. Allsport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis seçimlərdən, komanda idman növünün zəif inkişaf etməsindən və gələcək planlardan danışıb:

– Bugünkü seçimlər barədə fikirləriniz necədir?
– Ən kiçik yaş qrupları üçün seçim elan etdik və 50-yə yaxın uşağa baxdıq. Akademiya məşqçiləri ilə birlikdə izlədik və bir neçə uşağı bəyəndik. Amma bu o demək deyil ki, həmin uşaqları akademiyamıza götürmüşük. Həmin uşaqları yenidən sınayacağıq. Akademiyamızda futbolçularla eyni səviyyədə olacaqlarlarsa, onları götürəcəyik. Yeni yaradacağımız U-8 komandasına da bir neçə uşaq dəvət edəcəyik. Bundan əlavə U-12 üçün də bir neçə uşağı bəyəndik.

– Seçimlərin bölgələrdə aparılması gözlənilir?
– Bütün yaş qruplarına seçimlər aparmışıq. Bunda öncəki seçimlərimizə 400-dən çox uşaq qatıldı. Bu mövsümdən yenidən bölgələrə üz tutacağıq. Azərbaycanda istedadlı uşaqlar var və onları tapıb üzə çıxarmaq lazımdır. Premyer liqa və divizionda komandası olmayan bölgələr bizim üçün ilk seçimdir. Ən yaxın zamanda Ağcabədiyə getməyi planlaşdırırıq. Bundan əlavə, tezliklə Şəki və Qaxda da seçimlər təşkil etməyi düşünürük.

– “Qarabağ” futbol məktəbində fəaliyyətinizə nəzər salsaq, burada olduğunuz müddətdə nə dəyişib?
– İlk gündən qarşımıza qoyulan əsas hədəf komandaların və uşaqların inkişaf etməsi olub. Milli komandalara futbolçu yetişdirmək və oyunçuların inkişafı bizim üçün kubok qazanmaqdan daha önəmlidir. Ötən mövsüm 1 komandamız öz liqasını 1-ci tamamladı. Bundan əlavə, iki komandamız 2-ci və 3-cü yerləri tutdu. Ancaq daha vacib məqam budur ki, milli komandalara verdiyimiz futbolçuların sayında artım var. İldən-ilə bu sayda artım müşahidə olunur. Futbol olan yerdə tənqid qaçılmazdır. Yığma komandalar və AFFA-nın elit məşqlərinə 50 futbolçu göndərmişik. 50 futbolçumuz yığmanın məşqçilərinin diqqətindədirsə, deməli, düz yoldayıq. Bizim də məqsədimiz milli komandalara daha çox futbolçu verməkdir.

– Azərbaycanda uşaq futbolunun inkişafına mane olan amillər hansılardır?
– Azərbaycanda fərdi idman növləri – cüdo, güləş, boks və.s daha yaxşı inkişaf edib. Komanda idman növlərində isə belə deyil. Bunları aradan qaldırmaq üçün uşaqların yaxşı məşq keçməsi üçün şərait lazımdır. Uşaqlara daha yaxşı məşqlər keçirilməlidir. Valideynlərin uşaqların üzərində basqısı olmamalıdır. 10-12 yaşlı oyunçu meydanda səhv edən zaman məşqçisini dinləmir, tribunada yer alan valideyninə baxır. Düzdür, valideynlərin də uşaqları ilə maraqlanması haqqlarıdır. Ancaq biz məşq meydançalarımıza kameralar quraşdırdıq və valideynlərə izləməsi üçün şərait yaratdıq. Meydanın kənarından valideynlərin məşqi izləməməsi üçün qərar qəbul etdik. Bu qərar uşaqların daha yaxşı inkişaf etməsi üçündür. Liqalarımızın oyunlarını mütəmadi izləyirik. Yarışların keyfiyyəti də qalxmalıdır. Bütün problemlər bir-birinə bağlıdır. Ölkə xaricinə futbolçularımızı yollamalıyıq. Avropa səviyyəli klub olduğumuz üçün biz əsas komandaya o keyfiyyətdə futbolçu hazırlamalıyıq.

– Akademiyamızın komandalarının ölkə xaricindəki turnirlərə yollanması gözlənilir?
– Bu məsələni klub rəhbərliyi ilə müzakirə edirik. Son olaraq Türkiyənin “Altunordu” klubuna müraciət olundu. Ancaq onların təşkil etdiyi turnirdə iştirakçılar bəllidir, hansısa klub imtina etsə, bizim ora getməyimiz mümkündür. Bütün yaş qrupları ilə maraqlanıram, liqalarımız izləyirəm. Əsas komanda Avropadakı çıxışı ilə göz önündədir və diqqət mərkəzindədir. Biz də əsas komandaya Avropa standartlarına uyğun futbolçular yetişdirməliyik. Daha keyfiyyətli futbolçuların yetişməsi üçün liqaların səviyyəsi də qalxmalıdır. Liqaların keyfiyyəti daha da artsa, uşaqları ölkə xaricindəki turnirlərə yollasaq, nəticələr də olacaq. Uşaqlara bu qapıları açmalıyıq və turnirlərə yollamalıyıq. Rəhbərliklə danışmışam və onlar da bu fikri dəstəkləyirlər. Sonda onu xüsusi ilə vurğulamaq istəyirəm ki, 4 ildir buradayam və əminliklə deyirəm ki, Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Tezliklə futbolsevərlər yeni adlar eşidəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish