Avropa liqasının muzeyi Bakıda!

Gələn ilin mayın 29-da final oyununa hazırlıqla bağlı 22 dekabr -7 yanvar tarixləri arasında paytaxtda Avropa liqasına həsr olunmuş muzey yaradılacaq. Allsport.az saytı xəbər verir ki, bu yarışın tarixinin unudulmaz anlarına toxunmaq istəyənlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeydən zövq ala biləcəklər.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq “Avropa liqası muzeyi” 3 hissədən ibarət olacaq. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar.

Muzey zonasında Avropa liqası tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, rəsmi oyun topu, eləcə də finallarda istifadə edilmiş imzalı oyun topları göstəriləcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək.

Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçular ilə yaxından tanış ola, onlardan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Muzey hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.

Həmin kateqoriyadan