Azərbaycana qarşı qarayaxma davam edir: Bu dəfə güləşdə yox, bədii gimnastikada

“Bolqarıstan bir daha Bakıda keçiriləcək bədii gimnastika yarışlarında iştirak etməyəcək. Komandamıza qarşı kobud diskriminasiya edildi! Əvvəllər heç vaxt özümüzə etiraz etməyə icazə verməmişik, amma hər şeyin öz həddi olmalıdır”. Allsport.az saytı bnr.bg-yə istinadən xəbər verir ki, bunu Bolqarıstan bədii gimnastika federasiyasının prezidenti İliana Rayeva öz Feysbuk səhifəsində yazıb.

Bu qərara səbəb, Bolqarıstan seçməsinin ötən gecə Azərbaycan paytaxtında keçirilən dünya kuboku mərhələsində 5 halqa ilə çıxışına görə qrup hərəkətlərində qazandığı aşağı xal (35,750) olub. Bolqarıstan komandasının qərargahının etirazına baxmayaraq, hesab dəyişməyib və rəqib yarışın ilk günündən sonra müvəqqəti cədvəldə 4-cü yerdə qalıb.

O, həmçinin müvəqqəti cədvəldə 2-ci və 5-ci yerləri tutan Elvira Krasnobayeva və Yeva Brezəliyevanın fərdi müsabiqədə çıxışlarına görə aldıqları artistlik üzrə aşağı balları kəskin tənqid edib: “Elviranın artistlik balları… sadəcə olaraq biabırçılıqdır! Eynilə Yeva kimi… Amma bu da keçəcək…”

Azərbaycanın mötəbər yarışların keçirilmə mərkəzi olaraq qalması və doğma divarlar arasında uğurlu çıxışı “köhnə qitə”də narahatlıq doğurmağa başlayıb. 5-7 apreldə elə həmin məkanda – Milli gimnastika arenasında güləş üzrə Avropa olimpiya təsnifatında sərbəst üsulla mübarizə aparanların möhtəşəm qələbəsi həsədə səbəb olmuş, nəticədə, karyerasının qürub çağını yaşayan Kuba əsilli italiyalı bahadır Frank Çamizo, guya Turan Bayramovla həlledici görüşdə məğlubiyyət üçün ona 300 milyon ABŞ dolları təklif edilməsi iddiası ilə çıxış edərək, Odlar yurdunun idmanda adını ləkələməyə cəhd göstərmişdi. Halbuki Avropada dollar deyil, avro işlənir. Üstəlik, orta dərəcədən aşağı olan yarışda bunca məbləğdən söz-söhbətin getməsi nə mümkündür, nə də inandırıcı. Ortada heç dəlil-sübut da yoxdur…

Bu da həmçinin – adi turnində Bolqarıstanın bədii gimnastika üzrə millisini niyə sıxsınlar? Dünya kubokunun mərhələsi Paris-2024-ə heç vəsiqə vermir. Sıradan mübarizədə təşkilatçıların marağı nə? Xalları Avropadan olan hakimlər veriblər. Ona Azərbaycan nə etsin? Düzdür, Avropa Gimnsatikasının prezidenti həmyerlimiz Fərid Qayıbovdur. Amma o ədalətli, dürüstlüyü və bitərəfliyi ilə tanınır – bir neçə dəfə bu vəzifəyə seçilməsi bunu isbat edir. Nəzərə almaq lazımdır ki, bədii gimnastikada daim Rusiya, Ukrayna və Belarus öncüllər sırasında yer alıb -Bolqarıstan onların önündə iddialı ola bilməyib. Məntiqlə götürsək, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva bolqarıstanlıdır və bu camiyənin üzvüdür. O, öz həmvətənlərini Bakıda niyə narazı salsın ki? Yaxşısı budur ki, İliana Rayeva öz bədii gimnastlarını növbəti yarışlara yaxşı hazırlasın. Belədə, bəhanəyə də yer qalmaz…

Həmin kateqoriyadan