AVF Gəncədə

Azərbaycan voleybol federasiyasının (AVF) gəncə regional voleybol klubunda məşqlər davam edir.

Allsport.az xəbər verir ki, AVF-nin prezidenti Şahin Bağırov, Bərdə rayonu icra hakimiyyətinin başçısı Vidadi İsayev, Gəncə RVK-nın rəhbərliyi gəncə regional voleybol klubuna daxil olan Bərdədə keçirilən ilk məşqi izləyiblər. Məşqlər Bərdə rayon 3 saylı tam orta məktəbin idman zalında təşkil olunub.

Qonaqlara bildirilib ki, Bərdə rayonu üzrə keçirilmiş seleksiya tədbirlərində ümumilikdə 250-dən çox qız və oğlan seçilib. Onlardan 35 nəfəri hazırkı məşqlərdə iştirak edir, digərləri növbəti məşqlərə qruplar şəklində cəlb olunacaqlar. Vurğulanıb ki, bu, Gəncə RVK-ya daxil olan bölgələrdən artıq 10-cu şəhərdir ki, məşqlər keçirilir.

Federasiya prezidenti Şahin Bağırov çıxış edərək paytaxtla yanaşı, digər bölgələrdə də voleybolun inkişafına ciddi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, artıq bir sıra bölgələrdə regional voleybol klubları yaradılıb, bu klublara müvafiq bölgələrdən seçilmiş, kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr cəlb olunub. Ş.Bağırov bu uşaqların gələcəkdə milli komandaların heyətində çıxış edə bilmələri üçün lazımi şəraitin yaradıldığını, federasiyanın onlara hər zaman dəstək olacağını bildirib. Uşaqlara professional voleybolçu olmaq, ölkəmizi gələcəkdə beynəlxalq arenalarda layiqincə təmsil edə bilmək üçün var gücləri ilə çalışmaları, həmçinin dərslərinə də ciddi fikir vermələrini tövsiyə edib, onlara uğurlar arzulayıb.

Vidadi İsayev də çıxış edərək voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbrləri yüksək qiymətləndirib. Yaxın gələcəkdə ölkə voleybolunun qazanacağı uğurlarda bu bölgənin təmsilçilərinin də əməyinin olacağına əminliyini ifadə edib. O, öz növbəsində icra hakimiyyətinin Gəncə RVK-nın fəaliyyətinə və burada məşq keçən uşaqlara dəstək olacağını bildirib.

Həmin kateqoriyadan