“Neftçi” klubu ilə “Türk Hava Yolları” arasında əməkdaşlıq müqaviləsi

Bu gün “Neftçi” peşəkar futbol klubu Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda tərəflər 1-illik sözləşiblər. Razılaşmaya əsasən, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. “Neftçi”nin məşq formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapacaq. Həmçinin paytaxt təmsilçisinin təlim-məşq bazası “Türk Hava Yolları Futbol mərkəzi” adlandırılacaq. Əməkdaşlıq bu il üçün pilot layihə olacaq. Gələcəkdə daha da genişləndiriləcək, “Türk Hava Yolları” Azərbaycanın ən köklü futbol klubunun daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

“Ağ-qaralar”ın prezidenti Kamran Quliyev tədbirdə çıxışı zamanı müqaviləni çox böyük uğur hesab edib: “Neftçi”nin “Türk Hava Yolları” ilə əməkdaşlığı bizim üçün şərəfdir. Qardaş ölkənin dünyada tanınan brendinin “Neftçi”nin inkişafına, ölkədə idmana, futbolun gələcəyinə olan inamın göstəricisidir. Biz də çalışacağıq ki, bu güvəni doğruldaq, müqavilənin şərtlərində göstərilən öhdəlikləri artıqlaması ilə yerinə yetirək. Gələcəkdə Azərbaycan və Türkiyə dövlətlərarası dostluğunun daha bir təzahürü olan bu iki brendin birliyini inkişaf etdirək.

1933-cü ildə yaradılmışhəmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür. Bütün dünyada 304 (255 beynəlxalq və 49 daxili) istiqamət üzrə uçuşlar yerinə yetirən və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4 ulduzlu aviaşirkət Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Borussiya” (Dortmund), Ukraynanın “Şaxtyor” (Donetsk) kimi məşhur klublarına sponsorluq etmiş şirkət hazırda Türkiyənin 4 böyük klubu – “Qalatasaray”, “Beşikdaş”, “Fənərbağça” və “Trabzonspor”la da əməkdaşlıq edir.

Həmin kateqoriyadan