LAYİHƏ
Azərbaycan idman mətbuatı «İdman»la başlayır!

Azərbaycan idman jurnalistikasının tarixi indiki Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman»la bağlıdır. 1932-ci ildə ilk dəfə «Azərbaycan bədən tərbiyəçisi» adı altında işıq üzü görmüş qəzet, ötən müddət ərzində respublika idmançılarının uğurlu çıxışlarını oxuculara çatdırmaqla bərabər, bədən tərbiyəsi və idman sahəsindəki problemlərin diqqət mərkəzinə gətirilməsində də böyük rol oynayıb. Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində 4 səhifədə çap olunub və təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunub.
İkinci Cahan savaşının gedişində baş verən rus-alman müharibəsində, 1941-ci ildə qəzet işini dayandırmaq məcburiyyətində qalıb. Həmkarlarımız qələmi süngüyə çevirərək cəbhəyə yollanıblar. Hərb dövründə və ondan sonrakı illərdə redaksiya dəfələrlə yerdəyişməyə məruz qaldığından, «Azərbaycan bədən tərbiyəçisi»nin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib-batıb və ya məhv olub.
İkinci dünya müharibəsindən sonra nəşr öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edib. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək «İdman» qoyulub.

Bu nəşrin keçdiyi yol Azərbaycan idman jurnalistikasının tarixidir. Vaxtilə «İdman»la dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq edib və redaksiya ilə daimi əlaqə saxlayıblar.
1941-ci ilədək nəşrin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada «Sovetski Sport»un futbol şöbəsinin redaktoru olub. «İdman»ın müxbiri olan Yuli Segeneviç də adı çəkilən qəzetdə həmin vəzifəni daşıyıb. Vaxtilə «Kommunist», «Azərbaycan gəncləri», «Futbol-hokkey» və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər jurnalistikada ilk addımlarını məhz «İdman»da atıblar.
Ötən əsrin 60-70-ci illərində Bakının mərkəzində, o zamankı Myasnikov, 9 ünvanında, keçmiş «Nərgiz» kafesi yaxınlığında dörd-beş kiçik otaqda yerləşən, sonralar, 80-ci illərin əvvəlində isə, indiki Mətbuat prospektində yeni inşa edilmiş binaya köçüb, burada «Azərbaycan müəllimi» və «Ədəbiyyat və incəsənət» qəzetlərinin redaksiyaları ilə 9-cu mərtəbədə mehriban qonşuluq edən, üstəlik də, «bütün meydança boyu sərbəst oynamaq» imkanı qazanan, yəni otaqlarının sayı iki dəfədən də çox artan, deməli, həm də iş şəraiti xeyli yaxşılaşan «İdman»a, öz şüarında səslənən «sağlam bədəndə sağlam ruh» gəlib.

Əməkdar jurnalist Oqtay Bayramovun ona doğma olan bu nəşrlə bağlı xatirəsi belədir: «İdmanımızın təbliğinə layiqli töhfələr vermiş «İdman»ın 85 illik yubileyi ilə əlaqədar diqqətə çatdırdığım qeydləri bir daha gözdən keçirərkən, bəzi məqamlara səthi yanaşdığımı, bu qəzetin, eləcə də onun «Şahmat» və «Çovqan» əlavələrinin əməkdaşı olmuş bir çox həmkarımı «oyundankənar vəziyyətdə» saxladığımı gördüm. Yaxşı ki, hələ gec deyil, həmin boşluğu doldurmaq üçün imkan var.
Əgər indi hər şeyə qadir internet sayəsində öz işində operativ olmaq üçün heç bir problemlə üzləşmirsənsə, əvvəllər hər hansı bir oyun haqqında hesabatın necə çətinliklə başa gəldiyi heç kimə sirr deyil. O illərdə hesabatları oxuculara vaxtında çatdırmaq üçün çox böyük səy göstərmək lazım idi. Bir-iki misal çəkim.
Deyək ki, bazar günü axşam Moskvada başa çatan «Spartak» – «Neftçi» görüşünün, bu oyunla eyni saatlarda Kiyevdə, Minskdə keçirilən voleybol və həndbol üzrə SSRİ çempionatlarının növbəti turunda Azərbaycan komandalarının oyunlarının hesabatları elə həmin axşam və ya ertəsi gün səhər tezdən «İdman» – «Sport»un öz müxbirlərinin, yaxud adları çəkilən şəhərlərdən olan həmkarlarımızın redaksiyamızın xahişi ilə «hadisə yerindən» isti-isti göndərdikləri materiallarda əksini tapırdı.

Bəzən də elə olurdu ki, «Neftçi»nin Bakıdakı oyunu qəzetin tərtib olunduğu günə təsadüf edirdi. Paytaxtımızda görüşlər adətən saat 19-a təyin edilir və 20:45-də başa çatırdı. Bundan sonra əməkdaşımız ləngimədən, əsl sprinter sürəti ilə (qəzet saat 23-də çapa imzalanmalıydı, qrafikdən kənara çıxıldıqda isə, hər artıq saata görə nəşriyyata cərimə ödənilirdi) özünü Respublika stadionundan redaksiyaya çatdırıb təxminən 100-120 xətlik hesabat yazmalı, üstəlik də, həmin axşam Sovet İttifaqının başqa şəhərlərində keçirilən daha 6-7 görüşün nəticələrini öyrənməli idi. Hələ bu da hamısı deyildi. Mərkəzi televiziyanın «Vremya» xəbərlər proqramının idman buraxılışında nəticələri dəqiqləşdirmək və nəhayət, turnir cədvəlini tərtib etmək qalırdı. Axı, cədvəlsiz nə hesabat, nə şərh! Səhərsi gün səhər tezdən köşklərdən «İdman» – «Sport» alanlar qəzetin operativliyindən razı qalmalı idilər. Qalırdılar da. Bu zaman hesabatda hətta çox cüzi yanlışlığa yol verilsəydi, məsələn, qolun 67-ci dəqiqədə yox, 66-cı dəqiqədə vurulduğu qeyd olunsaydı, oxucular bunu dərhal diqqətimizə çatdırır, belə səhvlərin gələcəkdə təkrarlanmamasını xahiş edirdilər. Onların iradları minnətdarlıqla qəbul olunurdu. Bu cür iradlar işin yalnız xeyrinə idi».

Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman» qəzeti Azərbaycanda ən böyük tarixi olan idman nəşridir. 85 illik tarixə malik olan qəzet həm də ölkə mətbuatının ən qocamanlarından sayılır. Qəzetin yetirməsi olan jurnalistlər bü gün də ölkəmizin bir çox telekanallarında və dövrü mətbuatda uğurla çalışırlar. Nəşr yubiley ilində, apreldə 7000-ci sayını buraxaraq, idman mətbuatı tarixində yeni səhifə açıb.
Vaxtilə «İdman» qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunub. Hazırda həftədə bir dəfə, 2000 tirajla çap olunur.

Müxtəlif vaxtlarda «İdman»a rəhbərlik edən Əməkdar jurnalistlər – mərhum Mirpaşa Miriyev, Aqşin Kazımzadə, eləcə də Oqtay Atayev, Arif Şəfizadə, Oqtay Bayramov, Vaqif  Əfəndiyev və Toğrul Bağırovun qələmi ictimaiyyətdə hörmətlə qarşılanıb, onların bu sahəyə baxışı idman mütəxəssisləri tərəfindən daim təqdir olunub.
2000-ci ildən qəzetin baş redaktoru Əməkdar jurnalist Qabil Mehdiyevdir. Son illərdə qəzetin yaradıcı heyəti tərəfindən bədən tərbiyəsi və idman mövzusunda 6 kitab nəşr etdirilib. Bundan başqa qəzetin, Gənclər və İdman Nazirliyi ilə birgə layihəsi olan tam rəngli, nəfis tərtibatlı idman jurnalı da işıq üzü görür.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan