Təşkilat komitəsinin yekun iclası

Mayın 10-14-də keçiriləcək Bakı – Xankəndi velosiped yarışı öncəsi təşkilat komitəsinin yekun iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, respublika velotrekində hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub. Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 kateqoriyalı yarışının təşkilat komitəsinin sədri Sahib Ələkbərov, bu mötəbər yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görüldüyünü bildirib. Artıq bir neçə komanda Bakıdadır və yarışa hazırlıqlarını paytaxtımızda davam etdirirlər.

Azərbaycan velosiped yarışının texniki direktoru (Avropa velosipedçilər birliyinin fəxri baş katibi) isveçrəli Roland Hofer böyük velosiped yarışlarının yenidən Azərbaycana qayıtmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirib. Deyib ki, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. O, qeyd edib ki, marşrut boyunca təhlükəsizlik, logistika, tibbi xidmət və texniki təminat məsələləri beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub.

O vurğulayıb ki, Bakı – Xankəndi marşrutu həm idman baxımından, həm də Azərbaycanın təbii gözəlliklərini nümayiş etdirmək üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yarış iştirakçıları fərqli relyefə malik mərhələlərdə mübarizə aparacaq və bu da turnirin rəqabət səviyyəsini daha da artıracaq.

Mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Həmin kateqoriyadan