- Baxış sayı: 30
- 15 İyul 2026 17:36
- Baxış sayı: 174
- İyul 15, 2026
- 0

Azərbaycan alpinizm federasiyasının gənclərdən ibarət millisi ilk dəfə idman dırmanması üzrə dünya çempionatında çıxış edəcək.
Allsport.az xəbər verir ki, yarış iyulun 18-25-də İtaliyanın Arko şəhərində yerləşən rok master klimbinq stadionunda təşkil olunacaq.
Turnir U-17 və U-19 yaş kateqoriyaları üzrə bulder, lid və spid növlərində keçiriləcək. Dünya çempionatı gənc idmançılar üçün bu idman növünün ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunur.
Azərbaycan alpinizm federasiyası üçün bu iştirak tarixi əhəmiyyət daşıyır. Gənclərdən ibarət milli komanda ilk dəfə dünya çempionatında qüvvəsini sınayacaq. Bu, idmançılarımıza beynəlxalq təcrübə qazanmaq, dünyanın ən güclü rəqibləri ilə mübarizə aparmaq və ölkəmizi yüksək səviyyədə təmsil etmək imkanı yaradacaq.
Arko şəhərində keçiriləcək mundialda 60-a yaxın ölkədən 650-yə yaxın idmançı, 180 məşqçi və komanda nümayəndəsinin iştirakı gözlənilir. Ümumilikdə yarışa 1000-dən çox iştirakçının qatılması nəzərdə tutulub.
Azərbaycan alpinizm federasiyası bu çempionat vasitəsilə gənc idmançıların beynəlxalq arenada inkişafını sürətləndirməyi və gələcəkdə dünya səviyyəli yarışlarda davamlı iştirak üçün möhkəm baza formalaşdırmağı hədəfləyir.