LAYİHƏ
Gələcəyin yolu

Azərbaycan vətəndaşı texnologiya və süni intellekt əsrinin iştirakçısı kimi hökumətlə birgə əməkdaşlıq edən aktiv fərd obrazına çevrilir

Dünya sürətlə dəyişir. Rəqəmsallaşan, elektronlaşan elm və texnalogiya hər gün yeni ixtiralar ortaya çıxarır. İnnovativ informasiya texnalogiyalarının təqdim etdiyi yeniiklər artıq insanları heyrətləndirmir. Çünki hər gün insan yeniliklərlə tanış olduğu üçün bugünün ixtirası sabah artıq köhnəlmiş sayılır. Bu isə onu deməyə əsas verir ki, artıq informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib və informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir, hansı yeniliklərimiz, uğurlarımız var?!

Müasir milli informasiya məkanının formalaşması

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiya, qlobal informasiya sistemlərinin yaradılması proseslərində Azərbaycan fəal iştirak edir. İnformasiya texnalogiyalarının əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir. Bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində Azərbaycan dövləti çox uğurlu adımlar atır. Cənubi Qafqaz regionun lider ölkəsi kimi respublikamız bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, bu gün ölkəmiz İKT sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlayır.
3 il öncə ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində strateji hədəflər müəyyən olundu. Prezident İlham Əliyev 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” təsdiqləndi. Sənəddə qeyd olunurdu ki, hazırkı güclü tərəf və imkanlarla Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir. Bu məqsədlə ölkədə, ilk növbədə, geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır. Bu məqsədə nail olmaq üçün 2020-ci ilədək üç strateji hədəfə çatmaq planlaşdırılır. Bunlar idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması idi.
Eyni zamanda, rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi və özəl sektorun iştirakına təkan verilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdiriləcəyi qeyd edilirdi.

Genişzolaqlı şəbəkənin inkişafı

Ötən dövrə nəzər yetirsək bu istiqamətlərdə əldə olunmuş uğurların şahidi olarıq. Uğurlara keçmədən öncə Dünya Bankının son 3 ildə açıqladığı “Doing Business” hesabatlarında Azərbaycanın yüksəlişinə nəzər yetirək. Ölkəmizin son 3 ildə “top-20-25” ən islahatçı ölkə sırasında yer alıb. Bu uğurlar sırasında dövlətin hökumət strukturlarında həyata keçirdiyi rəqəmsallaşdırma, elektronlaşdırma prosesləri ən yüksək göstərici ilə qiymətləndirilib. Ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə əsas səbəblər sırasında hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulmaq mümkündür. Əhali ilə ünsiyyət prosedurlarının sadələşdirilməsi, get-gəlin və tələb olunan bir sıra xərclərin azaldılması, şəffaflığın önə çıxması hesabatı hazırlayanların diqqətini cəlb edən əsas amillər olub. Bütün bunlar isə dövlətin həyata keçirdiyi sistemli islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
Bu gün Azərbaycanda informasiya texnalogiyalarının inkişafı, hökümətin elektronlaşması sahəsində görülən işlərə nəzər yetirsək görərik ki, demək olar əksər sahələrdə bu proses artıq reallaşıb. İnsanlar artıq hər hansısa bir sənədin alınması, qol çəkilməsi, bir-yerdən başqa yerə daşınması, hətta kommunal xərclərin ödənməsi prosesində əziyyət çəkmirlər. Daha saatlarla poçtlarda növbələr gözləmək, hansısa nazirliyin struktur bölmələrində sənədlərin möhürlənməsi, yaxud da lisenziyaların alınması üçün vətəndaşın günlərlə gözləmək yoxdur.
Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi təmin edilmişdir və bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.
Ölkəmizdə uğur qazanmış Azərbaycan brendi sayılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) mərkəzləri, bu mərkəzin tabeliyində yaradılan “Elektron Hökumətin İnkişafı Mərkəzi”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdindəki “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Şəbəkə” xidmət mərkəzləri, “Data Mərkəzi” kimi layihələr bu sahədə həyata keçirilən uğurlu layihələrdir.
Artıq sayı 16-ya çatan “ASAN Xidmət” mərkəzlərində bir çox proseslərin reallaşdırılması mümkündür. Eyni zamanda müxtəlif dövlət strukturlarının elektron xidmətlərindən yararlamaqla istənilən əməliyyatı həyata keçirmək olur. İnformasiya cəmiyyətinin inkişafına xidmət edən bir çox layihələr, eləcə də “elektron hökumət”, “elektron imza” da bunların bir hissəsidir. Ölkə əhalisinin internetə çıxışı, genişzolaqlı şəbəkənin inkişafı və kosmik sənaye kimi vacib infrastruktur layihələri də yeni inkişaf mərhələsindədir.

Rəqəmsal hökumətə keçid, dövlət xidmətlərinin tam elektronlaşdırılması

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illərdə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb.
Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib. Bununla yanaşı, son illər vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq əsas hədəfə çevrilib. Bütün bunlara görə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zərurəti yaranmışdı.
Bu işlərin sürətlə həyata keçirilməsi üçün Prezident İlham Əliyev 2018-ci il martın 14-də “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” Fərman imzaladı və bu sənədə əsasən elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu.
Cəmi 8 ay sonra cənab İlham Əliyevin daha bir möhtəşəm layihəsi gerçəkləşdi və mərkəz fəaliyyətə başladı. Ötən il noyabrın 12-də Prezidentin açılışını etdiyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” fəaliyyət göstərdiyi 1 il müddətində innovativ texnologiyalarından istifadə etməklə ölkənin bütün vətəndaşlanrına elektron xidmətlərin göstərilməsini təmin edir. Mərkəz müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsininə şərait yaradır.

Bakıda 20 saniyəyə viza almaq imkanı

Bu mərkəzin vasitəsi ilə ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər istənilə dövlət qrumlarına elektron qaydada müraciət edə, istədiyi sənədi ala bilir. Məsələn, müxtəlif ölkələrdən Azərbaycana səfər edən əcnəbilər hava limanında “ASAN viza” aparatlarından istifadə etməklə bir neçə dəqiqə ərzində viza ala bilərlər. Necə ki, ötən il futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçirilən final matçında “Arsenal” və “Çelsi” klublarının azarkeşləri, eləcə də digər əcnəbi fanatlara hava limanında 20 saniyəyə viza almaq imkanı yaradılmışdı.
Yəni, artıq Azərbaycan dünyanın bir çox ölkələrində hələ mövcud olmayan rəqəmsallamşa, elektronlaşma prosesini nəinki tətbiq edir, həm də bu sahələ əldə etdiyi yenilikləri bəzi ölkələrə ixrac edir.
Bir sözlə, Azərbaycan dövlətinin müasir informasiya kommunikasiya, texnalogiyanın inkişafı istiqamətində atdığı addımlar bir çox ölkələr üçün nümunədir. İndi demək olar ki, olkəmizdə reaktiv sistemdən proaktiv sistemə keçid mərhələsi uğurla gedir. Yəni, əvvəllər insanlar pasportun, sürücülük vəsiqəsinin və yaxud hansısa başqa sənədin vaxtının keçdiyi üçün dövlətə müraciət edərək onun dəyişdirilməsini istəyirdi. Dövlət də vətəndaşın istəyini reallaşdırırdı. İndi isə proaktiv dövürdəyik. Artıq vətəndaş deyil, dövlət vətəndaşa müraciət edərək hansısa sənədinin dəyişdirilməsinin vaxtının çatması barədə bildiriş göndərir. Vətəndaş da öz növbəsində lazımi orqana yaxınlaşaraq məsələni həll edir.
Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanda reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid dövründə xidmətlərin aktiv inteqrasiyası sayəsində kağız daşıyıcıların istifadəsinin sıfıra enməsinə imkan yaradan rəqəmsal cəmiyyət formalaşır. Qurumların da iştirakı ilə vətəndaşları rəqəmsal xidmətlər haqqında məlumatlandırmaq, daha əlçatan ictimai xidmətlər sistemi yaratmaq ilkin məqsədlər arasındadır. Nəticə olaraq, artıq vətəndaşlar texnologiya və süni intellekt əsrinin passiv iştirakçısı obrazından, tələb olunan və arzu etdiyi xidmətləri müəyyənləşdirmək üçün hökumətlə birgə əməkdaşlıq edən aktiv fərd obrazına çevriləcək.

Kamran HACI,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Həmin kateqoriyadan