Mircavadov: “Azərbaycanda belədir: uddun almısan, uduzdun satmısan”

Lent.az-ın “Pressinq” layihəsinin növbəti qonağı təcrübəli mütəxəssis Ağasəlim Mircavadov olub. Allsport.az xəbər verir ki, hazırda işsiz qalan məşqçi oxucuların ona ünvanladığı ən maraqlı suallara cavab verib.

– Macarıstan səfərindən yeni qayıtmısız. U-19-un qrup oyunlarındakı çıxışından razı qaldınız?
– Hərdən məni çağırırlar ki, yığmaların düşərgəsində olum, öz fikrimi bildirim. Qarşıma konkret vəzifə də qoymamışdılar. Futbol mənim işimdir. Əlimdən gələn köməkliyi elədim. U-19-un elit-raunda vəsiqə qazanması münasibətilə rəhbərliyi, məşqçi və futbolçuları təbrik edirəm. Bir ildə həm U-17, həm də U-19-un elit-raunda vəsiqə qazanması böyük uğurdur. Bu, çoxdan olmalı idi. Artıq neçə ildir ki, Avropa ölkələrində təlim-məşq toplanışı keçirlər. Oyunlara gəldikdə, milli macarlarla 1:1 oynadı, Slovakiyaya 1:4 uduzdu, Sloveniyaya isə 3:2 qalib gəldi. Bu qrupun ən güclüsü slovaklar idi. Millimizin elit-raunda düşməsində də Slovakiyanın böyük rolu oldu. Sonuncu turda onlar ev sahibi macarlarla qarşılaşdılar və peşəkarcasına oynayaraq, 3:0 qalib gəldilər. Millimiz Sloveniya ilə matçın birinci hissəsində gözəl futbol göstərdi. U-19-un baş məşqçisi Nkolay Adamla da danışdıq ki, hələ görüləsi iş çoxdur.

– Ağasəlim müəllim, doğrudanmı, Azərbaycanda futbol oynamağa 11 nəfər tapılmır?
– Bu sualı dost-tanış mənə çox verib. Doğrudan da, çox qəribədir. Futbolun öz qayda-qanunu var. Ulu öndər Heydər Əliyevin bir sözünü həmişə xatırlayıram. O deyirdi ki, hər kəs öz işini görməlidir: çəkməçi çəkmə tikməlidir, papaqçı papaq, məşqçi isə məşqçilik etməlidir. Bölgələrdə istedadlı uşaqlar var. Onları axtarıb, üzə çıxarmaq lazımdır.

– Bizim futbolçuların fiziki hazırlığı niyə çox aşağı olur? Bir də AFFA-nın uşaq futbolunun inkişafı layihəsini uğurlu sayırsınızmı?
– Futbol təkcə fizikadan ibarət deyil, kompleks şəklindədir. Buraya texnika, taktika və psixologiya da aiddir. Mən millinin hansısa oyununu analiz etmişdim. Gördüm ki, meydanda ən çox qaçan biz idik, amma topla ən az işləyən də biz idik. Futbol topla oynanılır. Tez fikirləşib, ürəyini qoymaq lazımdır. Bizdə belə bir fikir formalaşıb ki, futbolçularımız 70-ci dəqiqədən sonra çatdırmırlar. Amma əsas fikir vermək lazımdır ki, 70-ci dəqiqəyə kimi biz nə etmişik? Bu söhbəti edənlərə bir dəfə demişdim ki, İspaniya niyə ancaq öz oyununu oynayır? Axı 20 il bundan qabaq qalib gələ bilmirdi. İspaniya uzun fasilədən sonra 2008-ci ildə Avropa çempionluğunu qazandı. Uğursuz dönəmlərində ispanlar gərək fikirləşəydilər ki, bizdə fizika çatmır. Amma onlar topla oyunlarından imtina etmədilər. Yenə deyirəm ki, futbolda əsas topla oynamaqdır. Düzdür, topu almaq və sürətli oyun göstərmək fiziki güc tələb olunur. Lakin topla işləyə bilmirsənsə, ora-bura qaçırsansa, bu, mənasızdır. Azərbaycan futbolunda fiziki hazırlıq problemi həmişə olub. Amma əvvəllər 65-70-ci dəqiqəyə kimi istədiyimiz oyunu göstərə, hesabda önə keçə bilirdik. Qalan 15-20 dəqiqəni isə texnikanın və “bicliyin” hesabına keçirirdik və oyunu başa vururduq. Hər ölkənin öz futbol “kozır”ları var. Bizim “kozır”laımiz topla oynamaq, texnika idi. İndi biz bunları unudub, düşmüşük fizikanın üstünə. Halbuki hamısı bir-birinə zəncirvari bağlıdır, sintez olmalıdır.

O ki qaldı növbəti suala, AFFA yığmalar üçün şərait yaradıb, onlar hər ay xaricə gedirlər. Buna görə AFFA-nı alqışlayıram. Amma struktur yaxşı deyil, bunu dəyişmək lazımdır. Piramida olmalıdır, bu isə əsas millidən başlayır. Sonra keçir U-21, U-19, U-17 və digərlərinə. Bunları idarə edən qurum olmalıdır. Hamısı bir-biri ilə əlaqəli çalışmalıdır, məşqçilər də. U-19 Sloveniya ilə oynayanda U-17-nin baş məşqçisi Mirbağır İsayev və onun köməkçisi də həmin görüşə baxmağa gəlmişdi. Bu mənim çox xoşuma gəldi. Hətta U-16-nın baş məşqçisi Təbriz Həsənov da gəlmişdi. Bu sistem bütün milliləri birləşdirir. Məşqçilər bir olmalıdırlar və bunlara əsas millinin baş məşqçisi və ya köməkçisi nəzarət etməlidir.

– Son illərdə Azərbaycanda yüksək səviyyəli futbolçu yetişibmi?
– Mən Maksim Medvedev, Qara Qarayev, Rauf Əliyev və Əfran İsmayılovdan çox şey gözləyirdim. Onlar “Qarabağ”da ilk addımlarını atanda bəyənirdim. Kamran Ağayev də daxil olmaqla, adlarını çəkdiklərim xaricə getməli idilər. Bizim cavan uşaqlar xaricə getmək istəmirlər. Çoxu ilə söhbət etmişəm. Ola bilər ki, burdakı qazanclarından razıdırlar. Mənim maliyyə məsələlərinə qarışmağa ixtiyarım yoxdur. Amma onlara həmişə bir söz deyirəm ki, birinci növbədə futbol, karyeranı düşünmək lazımdır, bundan sonra pul özü gələcək. Allah deyir səndən hərəkət, məndən bərəkət. Slovakların U-19-da futbolçular var ki, “Yuventus”da, “Hall Siti”də oynayırlar. Niyə? Çünki onlar karyeralarını düşünürlər. Biz də bunu tətbiq etməliyik. Bu da ilk növbədə, futbolçunun özündən – işləməsindən, xasiyyətindən, ailəsindən asılıdır. Nəsə bizdə alınmır. Adlarını bayaq çəkdiyim yerli oyunçular tez söndülər. Düzdür, Maksimlə Qara normal oynayırlar. Ancaq mən onlardan bundan artıq ustalıq gözləyirəm. Bizdə aparıcı mərkəz müdafiəçisi hamımızın hörmət etdiyimiz Rəşad Sadıqovdur. Sabah, birigün o da karyerasını bitirəcək, bəs onun yerini kim dolduracaq? Mən əvvəldən narahat idim ki, Vidadi Rzayev, Mahmud Qurbanov, Samir Ələkbərov, Yunis Hüseynov, Zaur Tağızadə kimi futbolçular gedəndə kim gələcək? Hazırda Zaur kimi futbolçu axtarıram, tapa bilmirəm. Hamısı yaxşı futbolçu olmaqdan əlavə, həm də yaxşı insan idilər. Əsas iş klublarda görülməlidir. Bizim eyiblərimiz Avropada oyunlarında üzə çıxır. Yığmada futbolçu hazırlamırlar. Millidə ancaq taktika, oyun quruluşu tətbiq edilir. Əsas klubları hərəkətə gətirmək lazımdır.

– Ağasəlim Mircavadov işsiz qalmasının səbəbini nə ilə açıqlaya bilər?
– Səbəbini özüm də bilmirəm (gülür). Əvvəl təklif gəlirdi, amma indi gəlmir. Özüm-özümdə təhlillər aparıram. Deyirəm yəqin hardasa səhv buraxmışam.

– Müəllim, düşünürsüz ki, artıq müasir futbolla ayaqlaşa bilmirsiz?
– (Gülür). Ayaqlaşa bilmirəm? Bəs onda məni niyə ora-bura göndərirlər? Öyrədirəm, məsləhətlərimi verirəm. Özümdə işləməyə həddindən artıq güc hiss edirəm. U-19-un baş məşqçisi Nikolay Adamla söhbət edəndə o, çaşıb-qalmışdı. Sonra köməkçisinə demişdi ki, niyə bu adam yuxarı yerlərin birində işləmir? Hamısından ağıllıdır, futbolu dərindən bilir. Mən Sloveniya ilə oyun üçün ona bir analiz verdim, özü də məəttəl qaldı. Hal-hazırda da ağlım başımda, gücüm canımdadır. Ora-bura gedib deməyəcəm ki, mənə iş verin. Məndə elə xüsusiyyət yoxdur. Bu səviyyəyə özümün alın tərimlə gəlmişəm. İşsiz qalmağımın səbəbini hələ də tapa bilmirəm. Bir məntiq yoxdur.

– Unudulmaz Ağasəlim müəllim, şəmkirlilər sizi unutmaz. Əziyyətiniz böyükdür, usta…
– Hə… Şəmkir camaatına böyük hörmətim var. “Şəmkir”dəki günlərimi yaxşı xatırlayıram, həyatımın bir hissəsidir. Camaatı çox mehribandır. İndinin özündə də hərdən yolum düşür Şəmkirə. Klub rəsmisi Saşa sağ olanda tez-tez görüşürdük. Sonra o rəhmətə getdi, hüzrünə də getmişdim. Dünyasını vaxtsız dəyişdi.

– Ağasəlim müəllim, siz “Skonto”nu udanda böyük ajiotaj yaranmamışdı. Sizi “Qəbələ” klubunda ən yüksək postda görmək istərdim. Savadınızdan istifadə etmək lazımdır…
– Azarkeşlərə minnətdaram. Onlardan bu cür sözlər eşitmək xoşdur. “Skonto” ilə oyunları da yaxşı xatırlayıram. Sağ olsun Azərbaycan xalqı, həmin vaxt çox sevinmişdi. Mənə, kluba gələn təbriklərin sayı-hesabı yox idi. O ki qaldı “Qəbələ”yə, ya qismət. Mən məşqçilik karyeramın böyük hissəsini bölgələrdə işləməklə keçirmişəm. Şəmkirdə, Lənkəranda, 5 il “Qarabağ”da çalışmışam.

– Doğrudanmı, uşaq futbolunun inkişafı bu qədər çətindir? Bir dəfə də görmədim ki, məktəblərdə turnirlər təşkil olunsun, məktəblərdən istedadlı uşaqları seçib, klublara versinlər…
– Ay sağ ol, bax, budur əsas məsələ. 20 il bundan qabaq, hələ Sovetlər Birliyində və SSRİ dağılandan sonra da məktəblərarası, hətta siniflərarası da futbol oyunları keçirilirdi. İnstitutlar arasında da çempionatlar keçirilirdi, meydançalar da var idi. Amma indi meydançaların sayı azalıb, məktəblərdə idman dərsi yox vəziyyətindədir. Bizim vaxtımızda idman dərsində həm futbol, basketbol, tennis oynayırdıq, həm də gimnastika ilə məşğul olurduq. Amma indi məktəblərdə, heç universitetlərdə də bu yoxdur. Halbuki tələbələr istəyirlər. Bu illərdə tələbələr arasında turnir keçirilmişdi, böyük ajiotaj var idi. Bizim əsas akademiyamız küçə futbolu olmalıdır ki, o bizdə yoxdur.

– Bizim futbolda nə çatmır?
– Bölgələrdə internatlar açmaq lazımdır. Əsasən, Gəncə, Tovuz, Şəmkirdə. Çünki o zona futbol zonasıdır. Faciəvi haldır ki, həmin rayonların yüksək liqada təmsilçiləri yoxdur. Masallı, Lənkəran və Cəlilabadda da mütləq internat yaratmaq lazımdır. Sumqayıtı da unutmaq olmaz. Ordan həmişə yaxşı futbolçular çıxıb. Qəbələdə akademiya yaradıblar, doğrudan da, əla vəziyyətdədir. Sağ olsun klubun prezidenti Tale Heydərov. Özüm də görmüşəm ki, yüksək səviyyəli akademiya qurublar. Təxminən 10 meydançadan yalnız biri süni örtüklüdür. Təbii örtüklü meydançaların da vəziyyəti idealdır. Ağıllı insanlar belə hərəkət edir: birinci şərait düzəldirlər, sonra tələb edirlər. “Qəbələ”də möhkəm iş planı qurulsa, ordan yaxşı futbolçular çıxacaq. Amma bir məqam var ki, “Qəbələ” bütün rayonlardan uşaq gətirir. Gəncənin özündən də gətirirlər. Axı 10 yaşlı uşağı ailədən ayırdıqda müəyyən inciklik yarana bilər. Amma Gəncənin özündə akademiya yaradılsaydı, həmin uşaq elə öz şəhərində futbola gedərdi. Həftənin bazar günü isə öz evində olardı. Mən “Barselona”nın akademiyasında olmuşam. Onlar necə edirlər? Hansısa uşağı dəvət edəndə valideynlərini də Barselona şəhərinə gətirirlər, onları işlə təmin edirlər. Və həftədə 1-2 dəfə uşaq atasını, anasını görür. Futbolda psixologiya böyük rol oynayır. 10 yaşlı uşaq valideynindən ayrı qala bilməz axı, mütləq ata-anasını görməlidir.

– Millini çalışdırmaq təklifi gəlsə, cavabınız necə olar?
– İnanmıram, təklif gələ. Eşitdiyimə görə, İcraiyyə Komitəsi xarici məşqçi istəyir.

– Elxan Məmmədov açıqlamasında deyib ki, İcraiyyə Komitəsindən bir nəfər də millinin baş məşqçisi postuna yerli məşqçi təklif etmədi. Bunu necə başa düşək?
– Mən də bilmirəm. İcraiyyə Komitəsinin üzvü deyiləm. Mən həmişə demişəm ki, yerlilərə güvənmək lazımdır. Xarici məşqçi gələndə, Azərbaycanı yaxşı bilmirsə, onun üçün ağır olacaq.

– Berti Foqtsun Azərbaycan yığmasındakı 6 illik işinin nəticəsi sizi qane edirmi?
– Foqtsun adı da, özü də yüksək idi. 6 il işlədi, alınmadı. Hər şey göz qabağındadır. Biz həmişə xala aldanırıq. Xalı kənara qoyaq, oyuna baxaq. Bizim oyunumuz var, ya yox? Dahi məşqçilər bu fikri səsləndirib ki, oyun olan yerdə xal özü gələcək.

– Xorvatiyaya 0:6 hesablı ağır məğlubiyyətin günahkarı kim idi: Foqts, yoxsa milliyə tapşırıqla çağırılan futbolçular?
– Hər şey kompeks halındadır. Ayrı-ayrılıqda kimisə günahlandırmaq düz deyil. Təkcə Xorvatiya ilə oyuna yox, digər qarşılaşmalara da fikir verməliyik. Yenə də bu sözümə qayıdıram ki, birinci növbədə oyun olmalıdır. Milliyə legioner dəvət edilirsə, o, yerli futbolçudan qat-qat güclü olmalıdır. Bütün dünyada bu belədir. Analiz aparanda bilirsən ki, hansı işlər görülüb, nə çatışmazlıqlar var.

– Qurban Qurbanovun işini bəyənirsiz?
– Qurbanın işi normaldır, inkişaf edir. Mən istərdim ki, daha da inkişaf eləsin. Yerli məşqçidir. Mən həmişə yerli məşqçilərin tərəfində olmuşam. Qurbanın nə vaxtsa xaricdə işləməsi üçün ilk növbədə, yaxşı meneceri olmalıdır. Elə menecerlər var ki, məşqçini göyə qaldırır. Azərbaycana gələn xarici məşqçiləri özünüz görürsüz də. Yerlilər onlardan üstündürlər. Reklamdan çox şey asılıdır.

– Bəzi ağzıgöyçəklər sizin Azərbaycan çempionatındakı uğurlarınızı oyun alqı-satqısı ilə əlaqələndirir. Bu fikrə cavab olaraq nə demək istəyirsiz?
– Azərbaycanda belədir: uddun almısan, uduzdun satmısan. Maraqlıdır ki, bu fikirləri ancaq yerli məşqçilərə şamil edirlər. Ancaq bizdə elə şey ola bilməz. Məni tanıyanlar xasiyyətimi, işimi bilirlər. Mən belə şeylərdən uzağam. Futbol təmiz oyundur, vicdanlı oyundur. Futbolu özün üçün yox, azarkeş, xalq üçün oynayırsan. Qısası, nağıl söhbətdir.

– Təklif gəlsə, yenidən “Xəzər Lənkəran”ın baş məşqçisi olarsınız?
– Sağlıq olsun. İşləyən adam üçün işləmək çox vacibdir. Qəribə hal yaranıb: bir komandanın baş məşqçisi çıxan kimi tez mənə zəng edirlər ki, siz gələrsiz? Deyirəm, ay qardaş, mənə heç kim müraciət etməyib. “Xəzər Lənkəran”da işləmişəm. Həm orda, həm də digər klublarda vicdanla çalışmışam. Mən 3 rayonun fəxri vətəndaşıyam: Ağdam, Şəmkir və Lənkəranın. Bunu mənə camaat verib, özü də elə-belə verməyib. Mənim işim hələ göz qabağında olub. Qardaş, bizdə bir az yol əyridir.

– 90-cı illərdə, sizin baş məşqçi olduğunuz dövrdə Fransaya 0:10 hesabı ilə uduzduğumuz oyunu yəqin ki, xatırlayırsız. Deyilənə görə, həmin matçdan sonra mərhum prezident Heydər Əliyev sizə zəng edərək deyib ki, “Ağasəlim, Fransaya qapıçı aparmışdın, ya yox?”. Həqiqətənmi, bu söhbət olub?
– Yox, ay kişi… Elə şey olar? 3 qapıçımız var idi, ikisi oynadı. O oyun başqa oyun idi. Mən bilirəm niyə elə uduzduq, nə isə… Keçdi, getdi. Amma Heydər Əliyev heç vaxt zəng edib, elə deməzdi. Yenə deyirəm, həmin matç başqa oyun idi. Allah yuxarıdan görür, biz Allah adamıyıq.

Həmin kateqoriyadan