Müasir Azərbaycan həndbolunun döyünən ürəyi: İsgəndər Əsgərov – 60!

Bu gün idman ictimaiyyətində xoş gündür. Əməkdar müəllim, beynəlxalq dərəcəli hakim, Avropa həndbol federasiyasının nümayəndəsi, AHF-nin idman şöbəsinin müdiri, dossent İsgəndər Əsgərovun 60 yaşı tamam olur. Onu çoxdan tanıyıram. Gözəl insandır: əqidəli, dürüst, zəhmətkeş. Onunla tanışlığım 2002-ci ilə, həndbolun oyanış dövrünə təsadüf edib. O zaman qızlarımız Bakıda «Çağırış kuboku»nu qazanmışdı. Bu uğur böyük əks-səda yaratmışdı. İsgəndər müəllim də çox sevinirdli. Zarafat deyil, ömrünün 45 ilini əl topuna həsr edir. Hər yerdə, fəxrlə, bu idman növünü çox sevdiyini deyir. Əbəs yerə yubilyarı müasir Azərbaycan həndbolunun döyünən ürəyi saymırlar. Elə bir yarış yoxdur ki, orda olmasın; elə bir toplantı yoxdur ki, orda inkişaf üçün öz təklifini verməsin. İstəyir əl topu sovetlər dönəmindəki keçmiş günlərinə qayıtsın. Buna ümidlidir, çünki yeni rəhbərliyə inarır. Arzusu budur ki, həndboldan çox yazılsın, təbliğat güclü olsun. Düzü, əl topuna diqqət və marağı məndə elə o yaradıb. Həmişə istəyib ki, çalışdığım qəzetlərdə və saytlarda həndbola geniş yer verim. Sözsüz, əlamətdar günlə bağlı idmanı sevən bu gözəl insandan geniş müsahibə almaya bilməzdim. Onunla ona doğma məkanda, həndbol federasiyasında, iş otağında görüşdüm. Bir az hal-əhval tutduqdan sonra söhbətə başladım.

– İsgəndər müəllim, həndbola gəlişinizdən başlayım. Necə oldu?..
– Mən Bakıda doğulmuşam. Orta təhsilimi 8-ci mikrorayonda yerləşən 83 nömrəli məktəbdə almışam. İdman müəllimimiz Vayovodin Viktor İvanoviç həndbolçu olmasa da, avarçəkmə ilə məşğuldu. Günlərin birində dedi ki, belə bir idman növü var, həndbol. Gəl, məşq et. Məktəbdə başlayanda, ilk müəllimim Arif Çolaqoğlu oldu. O, tanınmış həndbolçu idi. Moskvada «May» klubunda çıxış etmişdi, idman ustası idi. Mən və 5-6 nəfər onun ilk tələbələrindən olduq.

– Hansı komandada oynayırdınız?
– «Məhsul»da. Biz SSRİ çempionatında çıxış edirdik. 70-ci illər idi. 1-ci liqada daim oynayırdım. Yüksək dəstədə bir mövsüm (1978-79), Ordu İdman Klubu adından mübarizə apardıq. Orda əsasən ehtiyatda qalırdım. 1972-ci ildən 1985-ci ilə kimi həndbol oynamışam. Dəfələrlə ölkə çempionu və kubokun sahibi olmuşam. Azərbaycan millisində kapitandım. Mərkəz mövqeyində çıxış edirdim.

– Hakimliyə nə vaxtdan başladınız?
– 1979-cu ildən. Baxmayaraq ki, hələ oynayırdım. 1983-cü ildən artıq respublika dərəcəli hakim idim. Fərəhlə söyləyə bilərəm ki, o vaxtdan indiyə kimi bütün Azərbaycan çempionatlarında referi qismində olmuşam.

– Nəyə görə məhz bu yolu seçdiniz?
– Məşqçi də işləmişəm. İdman institunu bitirən kimi, təyinatımı «Maşınqayırma» zavoduna verdilər. Orda təlimatçı idim. Bununla yanaşı, «Məhsul» klubunda çalışırdım, 83-cü ilə qədər. Amma bir il müddətində hərbi xidmətdə də oldum. Sonra bədən tərbiyəsi və idman institundan təklif gəldi. Beləliklə, «İdman oyunları» kafedrasında gənc müəllim kimi işləməyə başladım. Fəaliyyətimi indiyədək davam etdirirəm. Məşqçilikdən ayrılmağıma səbəb isə, eyni zamanda, iki işi yerinə yetirmək bir-birinə uyğun deyildi. Bir məqamı nəzərinizə çatdırım ki, instutumuzun yığması vardı. Orda məşqçiydim. Komandamız tələbələr arasında ölkə çempionatının ardıcıl 20 il qalib olub.

– İsgəndər müəllim, siz oynayan dövrdə qadın həndbolumuz yüksəlişdə idi. 4 il ərzində 2 olimpiadada artıq 3 çempionumuz vardı. Klub yarışlarında «Avtomobilçi» avrokuboklarda baş mükafata yiyələnmişdi. Kişilərdə, nədənsə, belə böyük uğurlar yoxdur. Səbəb nəydi?
– 1-si liqada daim oynamışıq.  Amma yüksək dəstədə mübarizəyə təcrübə çatmadı. Yeniyetmələrimiz 1972-ci ildə SSRİ birinciliyinin qalibi olub. O vaxtı bir az çətin idi, maliyyə yetərincə deyildi. Qadınlara gəlincə, onlar həmişə yuklək dəstədə çıxış ediblər. Gənc müəllim kimi onlara imkan daxilində kömək göstərirdim. SSRİ dağıldıqdan sonra, aparıcı oyunçularımızın əksərini itirdik. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. 1994-cü ildə yeni federasiya quruldu. Orda baş hakim idim və 15 il bu  vəzifəni yerinə yetirmişəm.

– Belə aydın olur ki, hakimlikdə beynəlxalq dərəcə almağınız müstəqillik dönəminə düşür.
– Bəli. 1993-cü ildə imtahan verdim. Bir il sonra, sentyabr ayından beynəlxalq həndbol federasiyasının hakimi oldum. Tərəf müqabilim Vladimir Neçay idi. 2009-cu ilə qədər bu sahədə fəaliyyət göstərdim. 50 yaşım tamam olduqda, artıq Avropa həndbol federasiyasının nümayəndəsi kimi oyunlara təyinat alıram. Hər il 8-10 oyunum olur.
Dünya və Avropa çempionatları və qitə miqyaslı kubok yarışlanda hakimlik etmişəm. Gələn ay ölkəmizdə Avropa yeniyetmələr yay olimpaiya festivalı keçiriləcək. 1999-cu ildə Danimarkada təşkil edilən eyni yarışa təyinat almışdım. Bürünc medal uğrunda görüşdə meydandaydım. Həmin matçı izləyənlər arasında milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də vardı. Azərbaycan bayrağının arenada olması hər birimizi qürurlandırmışdı.

– Hakimlikdə durum sizi qane edirmi?
– SSRİ dönəmində bir nüfuzlu referimiz vardı: Çingiz Axundov. Qalanları ittifaq dərəcəlilər idi. Müstəqilliyimizdə mənlə Vladimir Neçay beynəlxalq təyinatlar alırdıq. 2002-ci ildə bizim sıraya Vaqif Əliyevlə Ələkbər Ağakişiyev qoşuldular. Sonra Emil və Ernest Ağakişi qardaşları Avropa kateqoriyalı oldular. Qadınlarımızdan Reyhan Nəbiyeva ilə Yelena Françuk status almışdılar, amma onlar bu işi davam etdirmədilər. Biz Qafqazyanı ölkələr arasında üstünük. Son 15 ilə qonşularımızın beynəlxalq dərəcəli hakimləri yoxdur. Halbuki SSRİ dövründə yaxşı məktəbləri vardı. Mən özüm referi olaraq Rusiya, İran, Gürcüstan və Qətər çempionatlarına özəl dəvət almışam.

– Bir müddət həndboldan getdiniz və özünüzü başqa sahədə sınadınız.
– Ağırlıqqaldırma federasiyasına ixtisasçı yox, təşkilatçı kimi getmişdim.Orda idman direktoru vəzifəsində çalışırdım. Amma həndbolla əlaqəmi tamam kəsməmişdim. Təyinat alanda, oyunlara gedirdlim. Yeni işimdə inkişafı bütün dünya gördü. London-2012 olimpiya oyunlarında ilk dəfə ağır atletikada medal qazandıq. Mən çalışan dövrdə 2 dəfə dünya qran-prisi keçirtdik. Onun təşkilatçılığı elə yüksək səviyyədə idi ki, beynəlxalq ağırlıqqaldırma federesiyasının prezidenti Tomaş Ayan bunu həmişə qeyd edir. 2013-cü ildə Albaniya paytaxtı Tiranada Avropa çempionatında 2 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında Rusiyadan sonra 2-ci olduq.

– Gələcək planlarınızı bilmək maraqlı olardı.
– Bildiyiniz kimi, ölkəmizdə çoxlu yarışlar keçirilir. Bunun təşkilatı işlərində idman şöbəsinin rolu var. Yeni federasiya rəhbərliyi böyük işlər görür. AHF-nin prezidenti Saleh Məmmədov dəyərli insandır. O, eləcə də, ətrafında olan rəhbər şəxslər həndbolumuza çox kömək edirlər. Düzdür, onlar da ixtisasçı deyillər, amma təşkilatçılıqda çox mahirdilər. Mən özüm digər federasiyada çalışanda bu çətinlikləri görmüşəm və yaşamışam. Ən pis şey odur ki, prezident gəlir və yadından çıxarır ki, belə bir federasiya var. Bizim  25 il bu cür rəhbərimiz olub. Ətrafındakılar nə istəyirdilər edirdilər, yalnız bir komandaya, ABU-ya baxırdılar. Sağ olsun yeni seçilmiş prezidentimiz, bütün klublara kömək edir.
İyunun 12-də kişilərin Avropa çempionatının seçməsində Türkiyə – Makedoniya oyununa dəvət almışam. Bundan savayı, 1-12 avqustda Gürcüstanda yeniyetmə qızların qitə birinciliyində varam. Fəaliyyətim ölkənin, federasiyanın nüfuzundan xəbər verir. Elə bir yarış yoxdur ki, orda olum və bayrağımız yüksəkdə dalğalanmasın. EHF nümayəndəsi 68 yaşa qədər işləyə bilər. Mənim hələ qarşıda 8 ilim var.

– Ailədə sizin yolunuzu davam etdirəm varmı?
– 2 övladım var. Böyük qızım musiqişünas və fəlsəfə doktorudur.  Kiçik qızım İtaliyada beynəlxalq iqtisadiyyatdan magistratura təhsili alır. 2 nəvəm vam. Məryəm 1-ci sinifdə oxuyur. Məmmədxanın 5 yaşı var. Kürəkənimin 190 boyu var, ixtisasca hüquqşünasdır. Sözsüz, nəvələrim ucaboylu olacaqlar. İstərdim ki, onlardan ən azı, biri idmanla məşğul olsun. İdman şərəfli peşədir. Ölkəni beynəlxalq arenada təmsil edirsən. Bu, qururludur. Elə yer var ki, səni məmləkətindən daha yaxşı tanıyırlar.

– Yubilyar olaraq arzunuz.
– Gələn ay bizdə Avropa yeniyetmələrin yay olimpiya festivalı keçiriləcək. Bu işdə hər köməyi göstərirəm. Arzum budur ki, hənqdbol millimiz Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə qazansın. Bunun üçün bizdə yaxşı şərait var. Yeni zallar tikilib. Planda var ki, yeniyetmələrin ayrıca çempionatını təşkil edək. Ölkədə həndbolun coğrafiyasını genişlərdirmək niyyətindəyik. Qoy Azərbaycan çempionatında oyunlar ev-səfər üzrə olsun. İdmançı karyerasını bitirənləri məşqçiliyə dəvət edirik. İnşallah, bir neçə ildən sonra bizim yaxşı komandalarımız olacaq. Legionçular azalacaq, istedadlı yerli həndbolçular üzə çıxacaq.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan