Azərbaycan velosiped yarışında kim qalib oldu?

Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi veloturunda 2-ci mərhələ başa çatdı. Allsport.az saytı xəbər verir ki, bu yarış günündə qoşaçarxçılar “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət etdilər. Mərhələ çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib və liderin dəyişməsi ilə yadda qaldı.

Mərhələnin qalibi Qazaxıstanın “XDS Astana” dünya turu komandasının velosipedçisi Yevgeni Fyodorov oldu. O, 4 saat, 41 dəqiqə, 38 saniyə göstərici ilə finiş xəttini 1-ci keçdi. İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun üzvü Aleksandr Balmer 2-ci, İspaniyanın “Burgos Burpellet BH” pro-kontinental komandasının təmsilçisi Erik Antonio Faqundes isə 3-cü yerə çıxdı.

Fərqlənən velosipedçilərə mükafatları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov təqdim etdilər.

Mərhələ qalibiyyəti Yevgeni Fyodorova həm də ümumi təsnifatda liderliyi ələ keçirərək, “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyə yiyələnmək imkanı verdi. O, həmçinin “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyə də sahib çıxdı. Bu köynəkləri ona yarışın fəxri qonağı, şose velosipedi üzrə London-2012 yay olimpiya oyunlarının qalibi, qazaxıstanlı Aleksandr Vinokurov təqdim etdi.

Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan hava yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını qazandı. İspaniyanın “Equipo Kern Pharma” kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyinə yiyələndi. Bu köynəkləri idmançılara Azərbaycan velosiped idmanı federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim edib.

Sabah keçiriləcək 3-cü mərhələdə velosipedçilər Qəbələ şəhərindən start götürməklə Mingəçevir şəhərinə qədər 162,9 km məsafə qət edəcəklər.

Həmin kateqoriyadan